REGİONLAR
Naxçıvanda baramaçılıq inkişaf etdiriləcək
Naxçıvan, 10 mart, Rauf Əliyev, AZƏRTAC
Son illər muxtar respublikanın kənd və qəsəbələrində, yol kənarlarında tut ağaclarının əkin sahəsinin xeyli genişləndirilməsi qədim diyarda baramaçılığın yenidən canlandırılmasına şərait yaradıb.
AZƏRTAC xəbər verir ki, “2014-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nda da baramaçılığın inkişaf etdirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, baramaçılıq sahəsi vaxtilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda xeyli inkişaf edib. Aparılan təhlillər zamanı müəyyən olunub ki, muxtar respublikada yaş barama istehsalı 1970-ci ildə 72,6 ton, 1975-ci ildə 87,6 ton, 1980-ci ildə 122 ton, 1983-cü ildə 137 ton, 1990-cı ildə 89 ton, 1993-cü ildə isə azalaraq 22,7 ton olub. İstehsal edilən yaş barama məhsulu o dövrdə mərkəzləşdirilmiş qaydada satışa çıxarılıb. Məhsul satışından xeyli gəlir əldə olunub. Bütün bunlar nəzərə alınaraq, bu sahənin yenidən inkişafı istiqamətində işlər davam etdiriləcək.