REGİONLAR


Naxçıvanda biotexniki tədbirlər davam etdirilir

Naxçıvan, 21 dekabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında şaxtalı-qarlı qış günlərində faunanın qorunması istiqamətində ardıcıl tədbirlər görülür.

AZƏRTAC xəbər verir ki, muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları muflonların və dağ keçilərinin daha çox məskunlaşdığı Culfa rayonunun Darıdağ ərazisində biotexniki tədbir keçiriblər. Əraziyə ot və daş duz dağıdılıb.

Qış aylarında muxtar respublikanın ərazilərinin qalın qarla örtülməsi qida təminatının azalmasına səbəb olur. Bu da heyvanların başqa ərazilərə miqrasiyasına, nəsil artımının azalmasına və sonda məhvinə gətirib çıxarır. Yem çatışmazlığı nəticəsində bəzi gəmirici heyvanlar istər qış, istərsə də yaz aylarında yem tapa bilmədiklərindən yeni əkilmiş fidanların, tinglərin gövdələri ilə qidalanaraq onları sıradan çıxarırlar. Bütün bunlar nəzərə alınaraq heyvanat aləminin qış fəslində qidaya olan tələbatının yaxşılaşdırılması məqsədilə muxtar respublikada biotexniki tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Bu tədbirlər müəyyən edilmiş təbiət ərazilərinə müxtəlif qida məhsullarının paylanmasını əhatə edir. Nəzərə alsaq ki, muxtar respublika ərazisindəki fauna ehtiyatlarının 25 faizdən çoxu Naxçıvan Muxtar Respublikasının “Qırmızı kitabı”na daxil edilib, onda bu tədbirin əhəmiyyəti daha da artır.

Bu il avqustun 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2015-2016-cı ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Naxçıvanın bitki və heyvanat aləminin qış aylarında qorunması üçün vaxtında müvafiq tədbirlərin görülməsi barədə xüsusi tapşırıqlar verilib. Bununla əlaqədar olaraq ötən dövrdə nazirlik tərəfindən lazımi hazırlıq işləri görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.