REGİONLAR


Naxçıvanda boks üzrə yeniyetmələr arasında “Heydər Əliyev kuboku-2017” beynəlxalq turnirinin açılışı olub

Naxçıvan, 12 iyun, AZƏRTAC

Naxçıvanda Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirlikləri, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Boks federasiyalarının birgə təşkilatçılığı ilə boks üzrə yeniyetmələr arasında “Heydər Əliyev kuboku-2017” beynəlxalq turnirinə start verilib.

AZƏRTAC xəbər verir ki, Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən turnirdə Qırğızıstan, Özbəkistan, Gürcüstan, Ukrayna, Macarıstan, İran, Qazaxıstan, Rusiya idmançıları ilə yanaşı, Azərbaycan Respublikasının, o cümlədən Naxçıvan Muxtar Respublikasının boksçuları da mübarizə aparırlar.

İyunun 12-də beynəlxalq turnirin açılış mərasimi keçirilib. Turnir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsinin önünə gül dəstələri qoyublar. Sonra Heydər Əliyev Muzeyinə gələrək buradakı eksponatlarla tanış olublar.

Turnirin açılış mərasimində çıxış edən muxtar respublika gənclər və idman naziri Azad Cabbarov bildirib ki, Azərbaycanda, eləcə də onun Naxçıvan Muxtar Respublikasında idmanın inkişafı, gənc idmançılar nəslinin yetişdirilməsi diqqət mərkəzində saxlanılır. Yaradılan şəraitin nəticəsidir ki, bu gün Naxçıvan beynəlxalq idman yarışlarına ev sahibliyi edir. Muxtar respublikada idmanın maddi-texniki və təşkilati-hüquqi bazası xeyli möhkəmləndirilib. Hazırda muxtar respublikada 40 minə yaxın yeniyetmə və gənc bədən tərbiyəsi və idmanla məşğul olur. Naxçıvanlı idmançılar ölkə və dünya əhəmiyyətli yarışlarda təmsil olunur və uğurlara imza atırlar. Muxtar respublikada uğurla fəaliyyət göstərən idman federasiyalarından biri də 2002-ci ildə yaradılan Naxçıvan Muxtar Respublikasının Boks Federasiyasıdır. Federasiya bu idman növünün muxtar respublikada kütləviliyi, yeniyetmə və gənclərin idman bölmələrinə cəlb edilməsi istiqamətində məqsədyönlü iş aparır.

Vurğulanıb ki, mütəmadi olaraq ixtisaslı mütəxəssislərin dəvət olunması ilə ustad dərslərinin keçirilməsi, texniki-taktiki seminarların aparılması boks idman növü üzrə müxtəlif yaş qruplarında komandaların formalaşmasına müsbət təsir edib. Artıq muxtar respublika boksçuları yeniyetmələr, gənclər və kişilərdən ibarət yığma komandalara cəlb olunur, müxtəlif uğurlara imza atırlar. Bu gün isə İlham Əliyev adına Olimpiya İdman-Kompleksində ilk dəfə olaraq boks üzrə yeniyetmələr arasında “Heydər Əliyev kuboku-2017” beynəlxalq turniri keçirilir.

Azərbaycan Boks Federasiyasının birinci vitse-prezidenti, Milli Məclisin deputatı Ağacan Abiyev çıxış edərək deyib ki, Naxçıvanda boks idman növünün inkişafına xüsusi diqqət göstərilir. Ümummilli Liderin xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnirdə dünyanın bu növdə sayılıb seçilən ölkələri iştirak edirlər. Ağacan Abiyev muxtar respublikada güclü idman infrastrukturunun yaradıldığını vurğulayıb, yarışın təşkilatçılarına minnətdarlığını bildirib, idmançılara uğurlar arzulayıb.

Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Açılış mərasiminin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblının bir-birindən rəngarəng çıxışları olub.

Bədii hissədən sonra turnirə start verilib.

Ümumilikdə, 100-ə yaxın idmançının mübarizə apardığı beynəlxalq turnirin ikinci günündə 48, 50, 52, 54, 63, 66, 70, 80 və +80 kiloqram çəki dərəcələrində yarımfinalçılar məlum olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.