REGİONLAR


Naxçıvanda bu il 1100 tondan çox toxumluq buğda istehsal edilib

A+ A

Naxçıvan, 19 sentyabr, AZƏRTAC

Muxtar respublikada toxumluq buğdanın əkilib-becərilməsi ilə məşğul olan “Bərəkət”, “Araz” Elm-İstehsalat birlikləri, “Aqrotexservis” Səhmdar Cəmiyyəti və “Sədi”, “Təbriz” toxumçuluq təsərrüfatları cari ildə, ümumilikdə, 1100 tondan çox toxumluq buğda istehsal ediblər. Hazırda hasil olunmuş toxumun ələnib dərmanlanması və qablaşdırılması davam etdirilir.

AZƏRTAC xəbər verir ki, muxtar respublikada istehsal olunan bütün taxıl növlərinin toxum təminatı məhz yerli istehsal hesabına ödənilir.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsinin müdiri Niyamət İsayev bildirib ki, hazırda muxtar respublikada əsas ərzaq məhsulu olan taxılçılığın inkişaf etdirilməsində yüksək reproduksiyalı buğda sortlarından istifadə edilir. Onlar arasında akademik Həsən Əliyevin yetişdirdiyi və bu gün Naxçıvanda da yüksək məhsuldarlıqla istifadə olunan “Qobustan”, “Gilavar”, “Xəzri” kimi yerli və eləcə də “Bezostaya”, “Dağdaş”, “Renan”, “Quality” kimi idxal buğda sortları da var. Hazırda yüksək məhsuldar toxum sortları vasitəsilə taxılçılıqda bol məhsul əldə olunur ki, bu da kənd təsərrüfatının gəlirliliyini təmin edir, bu sahəyə olan marağı artırır.

Onun sözlərinə görə, bölgənin torpaq, iqlim xüsusiyyətlərinə uyğunlaşmış və yüksək məhsul verən toxum sortları almaq heç də asan olmayıb, bu, ardıcıl və elmi əsaslarla həyata keçirilən araşdırma və təcrübi üsulların vəhdəti ilə hasilə gəlib. Buğda sortlarının alınması zamanı orijinal hesab edilən ilkin toxum seleksiya yolu ilə alınır. Seleksiya müəssisələrində yetişdirilən belə superelit sortlar daha sonra çoxaldılaraq elit toxumlar şəklində təsərrüfatlara paylanılır. Torpaq mülkiyyətçilərinə verilmiş toxumlar əsasında R1, R2, R3 reproduktiv toxumlar istehsal olunur. Bunlardan da R1 ən yaxşı toxumluq buğda hesab edilir.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi toxumları analiz etmək üçün lazımi avadanlıqlarla təmin olunub. Torpaq mülkiyyətçiləri burada toxumları pulsuz analiz etdirmək imkanına malikdirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.