REGİONLAR
Naxçıvanda cəmiyyətin əsas dayağı olan ailə ənənələrinin qorunmasına xüsusi diqqət yetirilir
Naxçıvan Muxtar Respublikasında uzun¬ömürlü ailələrin evliliklərinin 25 illiyinin (gümüş toyların), 50 illiyinin (qızıl toyların), 60 illiyinin (brilyant toyların) qeyd olunması artıq ənənəyə çevrilib. Bu da dövlətimiz tərəfindən cəmiyyətin hər bir üzvünə böyük diqqət göstərilməsinin, ahılların, yaşlı insanların bu diqqətdən kənarda qalmadığının bariz nümunəsidir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Naxçıvan şəhərində 50 illik ailə həyatı yaşayan Yusif və Xədicə Cəfərovların mənzilində keçirilən yubiley tədbirində səsləndirilib.
Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Qadir Əliyev, muxtar respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova, Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov uzunömürlü ailəni təbrik ediblər. Vurğulanıb ki, bu gün ailələrin daha da möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Son illər muxtar respublikada yaşayan ailələrin sosial problemlərinin öyrənilməsi və həlli, yaşayış səviyyələrinin yüksəldilməsi, şəhid ailələrinə, milli qəhrəman və veteran ailələrinə evlərin, nəqliyyat vasitələrinin verilməsi, onların müəyyən güzəşt və imtiyazlarla təmin edilməsi sahəsində mühüm işlər görülüb. Bu gün Cəfərovların ailə həyatı qurmasının 50 illik yubileyinin keçirilməsi də qədim diyarda ailələrə göstərilən diqqət və qayğının təzahürüdür. Yusif müəllimin ailəsi yeni qurulan hər bir gənc ailəyə örnək ola bilər.
Tədbirdə 5 övladı, 17 nəvəsi və 7 nəticəsi olan Yusif Cəfərov ölkəmizdə ailələrə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova ailəsi adından minnətdarlığını bildirib.
Ailənin övladlarından Elman Cəfərli bu tədbirin keçirilməsini muxtar respublikada insan amilinə göstərilən qayğı kimi dəyərləndirib.
Sonda Yusif və Xədicə Cəfərovlar ailəsinə hədiyyələr təqdim olunub.