REGİONLAR


Naxçıvanda cərrahiyyənin aktual problemləri müzakirə olunub

A+ A

Naxçıvan, 19 noyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublika Xəstəxanasında “Cərrahiyyənin aktual problemləri” mövzusunda konfrans keçirilib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konfransda çıxış edən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov muxtar respublikada səhiyyə sisteminin yenidən qurulmasının, ixtisaslı kadrların hazırlanmasının, yoluxucu xəstəliklərin profilaktikasının, sağlamlığa mənfi təsir edən faktorların aradan qaldırılmasının insanların sağlamlığının qorunması işində əsaslı dönüş yaratdığını vurğulayıb.

Süleyman Cəfərov deyib: “Cərrahiyyə sahəsində baş verən yeniliklər onu göstərir ki, muxtar respublikada bu sahənin inkişafına, ixtisaslı kadr potensialının artırılmasına lazımi diqqət yetirilir. Artıq muxtar respublikanın yerli kadrları müstəqil şəkildə xəstələr üzərində açıq ürək, angioqrafiya, laparoskopik, TUR, LOR, göz və digər mürəkkəb cərrahi əməliyyatları uğurla həyata keçirirlər”.

Vurğulanıb ki, muxtar respublika səhiyyəsində həyata keçirilən ardıcıl tədbirlər – elmi-praktik seminarlar, konfranslar, təlim və treninqlər, həkim və orta tibb işçilərinin Bakı şəhərinin, Türkiyənin müxtəlif klinika və xəstəxanalarına kurslara göndərilməsi, yüksəkixtisaslı mütəxəssislərlə birgə mürəkkəb cərrahi əməliyyatlarda iştirak, praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan tibb işçilərinin sertifikasiyası onların peşə bacarıqlarının artırılmasında xüsusi rol oynayır.

Sonra “Kəskin apendisitlərin diaqnostikasında USM-in rolu”, “Dayaq-hərəkət aparatı yad cisimlərinin diaqnostikasında yeniliklər”, “Kəskin bağırsaq keçməməzliyi, kliniki təcrübə və müasir müalicə üsulları”, “Disseminə olunmuş damardaxili laxtalanma sindromu”, “Qalxanabənzər vəzi xəstəliklərinin cərrahi müalicəsində müasir metodlar”, “Peritenitlərin ağırlıq dərəcəsinin və proqnozunun təyin edilməsi üsullarının müqayisəli təhlili” mövzularında məruzələr dinlənilib.

Konfransda videosüjetlər, cərrahiyyə prosesindən görüntülər nümayiş etdirilib, müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.