REGİONLAR
Naxçıvanda dövlət torpaq idarəçiliyinin yaradılmasının 95 illiyinə həsr olunmuş tədbir
Naxçıvan, 13 oktyabr, Rauf Əliyev, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında dövlət torpaq idarəçiliyinin yaradılmasının 95 illiyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşları əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət ediblər.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Müslüm Cabbarzadə 95 il əvvəl Naxçıvan İnqilab Komitəsinin qərarı ilə onun nəzdində ilk Torpaq şöbəsi, 1924-cü il yanvarın 18-də Naxçıvan SSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Xalq Torpaq Komissarlığı yaradıldığını deyib.
Bildirilib ki, qurum ötən illər ərzində müxtəlif adlar altında fəaliyyətini davam etdirib. Nəhayət, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il martın 31-də imzaladığı fərman ilə Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilərək onun əsas funksiyaları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilib. Mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçiliyi təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il mayın 19-da imzaladığı sərəncam ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin bazasında Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi yaradılıb, bu il mayın 27-də komitənin əsasnaməsi təsdiq edilib.
“Muxtar respublikamızda bütün sahələrdə olduğu kimi, vətəndaşların əmlak və torpaq hüquqlarının tənzimlənməsinə də hərtərəfli dövlət qayğısı göstərilir. Yeni yaradılmış Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılması istiqamətində hazırda görülən işlər bu qayğının daha bir nümunəsidir”, - deyən Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri bildirib ki, hazırda komitənin inzibati binasında əsaslı təmir və yenidənqurma işləri aparılır. Cari ilin sentyabrında üç ədəd “NAZ LİFAN” markalı minik avtomobili alınaraq komitənin rayon idarələrinin istifadəsinə verilib.
Vurğulanıb ki, torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarətin həyata keçirilməsində Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin üzərinə mühüm vəzifələr düşür. Perspektiv inkişafın təmin edilməsi, gələcək nəsillərin məskunlaşması və əhalinin ərzaq tələbatının daha dolğun ödənilməsi bu gün sahib olduğumuz torpaqların necə mühafizə edilməsindən, ondan səmərəli istifadə səviyyəsindən asılıdır. Muxtar respublikada dövlət torpaq idarəçiliyinin inkişafı istiqamətində həyata keçirilən işlər təkcə bu günümüzə deyil, eləcə də gələcəyimizə hesablanmış iqtisadi və sosial siyasətin tərkib hissəsidir.
Ulu öndər Heydər Əliyevin muxtar respublikada Ali Məclisin Sədri olarkən 1992-ci ildə həyata keçirilən torpaq islahatlarından da danışan Müslüm Cabbarzadə qeyd edib ki, 2000-ci ilin sonlarında başa çatdırılmış həmin islahatlar nəticəsində muxtar respublika ərazisinin əhatə etdiyi 55 min 275 hektar torpaq sahəsinin 186 min 46 hektarı dövlət, 307 min 749 hektarı bələdiyyə mülkiyyətində saxlanılıb, 56 min 480 hektarı isə xüsusi mülkiyyətə verilib. Ümumilikdə muxtar respublikada 70 min 598 ailə aqrar islahatlardan bəhrələnərək torpaq mülkiyyətçisinə çevrilib ki, bu da əhalinin ərzaq və digər zəruri kənd təsərrüfatı məhsulları ilə təminatının yüksəlməsinə səbəb olub.
Sonra Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi aparatının daşınmaz əmlak məsələləri şöbəsinin müdiri Nəcəfalı Nəcəfalıyevin, Komitənin Sədərək rayon idarəsinin müdiri Hüsaməddin Həsənovun, Komitə aparatının informasiya texnologiyaları və məlumat bazası şöbəsinin aparıcı məsləhətçisi Mətləb Hüseynlinin çıxışları olub.
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin qabaqcıl əməkdaşlarına fəxri fərmanlar və mükafatlar təqdim edilib.