REGİONLAR


Naxçıvanda əldə olunan nailiyyətlər Ümummilli Liderin siyasi kursuna dərin sədaqətin və müstəqilliyimizin bəhrələridir

A+ A

Naxçıvan, 8 noyabr, AZƏRTAC

Sürətlə inkişaf edən, güclənən müstəqil Azərbaycan Respublikası və onun Naxçıvan Muxtar Respublikası ulu öndər Heydər Əliyevin şah əsəridir. Milli inkişaf modelinin banisi olan Ümummilli Liderimiz dövlətçiliyin ideoloji, siyasi, hüquqi və iqtisadi əsaslarını fundamental elmi-praktik prinsiplər əsasında müəyyənləşdirib. Ulu Öndərin Naxçıvana və daha sonra Azərbaycana rəhbərlik etdiyi dövr bütövlükdə xalqın azadlıq, müstəqillik arzularının gerçəkləşməsinə real əsasların yaradılması, dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli-mənəvi yüksəlişə nail olunması kimi mühüm məqamlarla yadda qalıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında” 2016-cı il 11 oktyabr tarixli Sərəncamına əsasən, müstəqillik bayramımız ölkəmizin hər yerində, o cümlədən Naxçıvan Muxtar Respublikasında geniş şəkildə qeyd edilərkən bu məqamlar xüsusi vurğulanıb, Vətənimiz, müstəqilliyimiz uğrunda canını fəda edən şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.

Oktyabrın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şəhidlər xiyabanındakı Ana abidəsini, dövlət müstəqilliyimiz və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların məzarlarını və 1918-1920-ci illərdə erməni daşnakları ilə mübarizədə Naxçıvanın köməyinə gələn qardaş türk ordusunun bu torpaqlarda şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, şəhidlərin xatirəsinə ehtiramını bildirib.

Ali Məclisin Sədri Azərbaycanın dövlət müstəqilliyinin banisi, ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül düzüb, müstəqil Azərbaycanın qurucusunun xatirəsini ehtiramla yad edib.

Dövlət Bayrağı Muzeyində keçirilən tədbirdə Ali Məclisin Sədri müstəqilliyimizin iyirmi beşinci ildönümü münasibətilə şəhid ailələrini, veteranları, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasındakı ordu, birləşmə və hissələrinin şəxsi heyətlərini, muxtar respublika əhalisini təbrik edib.

“Bu gün istisnasız olaraq deyə bilərik ki, ötən 25 il ərzində həyata keçirilən tədbirlər, əldə olunan nailiyyətlər dövlət müstəqilliyimizin daha da möhkəmlənməsinə, davamlı xarakter almasına xidmət etmişdir. Biz bundan sonra da Ümummilli Liderimizin yolu ilə gedərək muxtar respublikamızın, onunla birlikdə isə ölkəmizin quruculuq salnaməsini layiqli nümunələrlə zənginləşdirəcəyik”, - deyən Ali Məclisin Sədri bu yolda tədbir iştirakçılarına uğurlar arzulayıb, çıxışını ölkə Prezidentinin fikirləri ilə tamamlayıb: “Ölkəmiz inkişaf edir. Heydər Əliyev siyasəti yaşayır və həyata keçirilir. Çox sevindirici haldır ki, bütün görülən işlər xalq tərəfindən böyük rəğbətlə qarşılanır və dəstəklənir. Hər bir vətəndaş əlindən gələni edəcək ki, ölkəmiz daha da güclənsin, möhkəmlənsin. Azərbaycan möhkəmləndikcə öz dövlət müstəqilliyini gücləndirəcək və müstəqilliyimiz əbədi, dönməz olacaqdır”.

Müstəqillik illərində muxtar respublikamız sürətlə inkişaf edib. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, inkişafın əsas göstəricisi olan ümumi daxili məhsul istehsalı 1995-ci ilə nisbətən 56 dəfə artaraq 2015-ci ildə 2 milyard 467 milyon manatdan çox olub. Müqayisə olunan dövrdə sənaye məhsulunun həcmi 100 dəfə, əsas kapitala yönəldilən investisiyalar 312 dəfə, rabitə xidmətlərinin həcmi 112 dəfə, kənd təsərrüfatı məhsulu 10 dəfə, ixracın həcmi 214 dəfə, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı isə 25 dəfə artıb. Bütün bunlara diqqət yönəldən bir sıra beynəlxalq ekspertlər Naxçıvanı regionun sosial-iqtisadi baxımdan sürətlə inkişaf edən cazibə mərkəzi adlandırırlar. Səbəb isə sadədir: qazanılan nailiyyətlər, tətbiq edilən yeniliklər, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, elmə, təhsilə, mədəniyyətin inkişafına göstərilən xüsusi diqqət və qayğı, aparılan genişmiqyaslı islahatlar, müasir dövrün tələblərinə həmahəng olan məqsədyönlü işlər insanların diqqətini cəlb edir, maraq yaradır. Hər kəsi təəccübləndirən digər bir mühüm amil isə bütün bu nailiyyətlərin blokada şəraitində əldə edilməsidir. Ötən ay muxtar respublikaya səfərə gələn xarici diplomatlar, qonaqlar hər fürsətdə bu məqamları xüsusi qeyd edib, muxtar respublikanın güclü iqtisadi, turizm potensialına malik olduğunu vurğulayıblar.

Oktyabrın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Avstraliya İttifaqının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Martin Larsen, oktyabrın 10-da Portuqaliya Respublikasının ölkəmizdəki nümayəndəliyinin müvəqqəti işlər vəkili xanım Mariya Joao Lopes Kardoso, oktyabrın 11-də Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç, oktyabrın 20-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Kerol Meri Krofts, oktyabrın 27-də “Şöhrət” ordenli, Azərbaycan Respublikasının Xalq Artisti, professor, Naxçıvan Muxtar Respublikasının Əməkdar İncəsənət Xadimi Tofiq Bakıxanov ilə görüşüb.

Muxtar respublikada kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Bu gün torpaq mülkiyyətçiləri müasir kənd təsərrüfatı texnikaları, mineral gübrələr və suvarma suyu ilə təmin olunur, aqrar sektorun inkişafı üçün kreditlər verilir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, əksər kənd təsərrüfatı məhsullarına olan tələbat yerli istehsal hesabına ödənilir. Əkinçiliyin inkişafında başlıca amillərdən biri məhsuldar toxum sortlarının yaradılmasıdır. Bu istiqamətdə də muxtar respublikada mühüm tədbirlər həyata keçirilir. Hazırda muxtar respublikada taxılçılıqla məşğul olan sahibkarlar keyfiyyətli toxum sortları ilə təmin olunur. Belə ki, bu gün muxtar respublikada ümumi əkin sahəsi 910 hektar olan 5 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir.

Oktyabrın 4-də “Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində muxtar respublikada toxumçuluq təsərrüfatlarının fəaliyyətinin təşkili və qarşıda duran vəzifələr barədə keçirilən səyyar müşavirədə Ali Məclisin Sədri bu sahənin daha da inkişaf etdirilməsi üçün tapşırıqlar verib. Həmin gün Ali Məclisin Sədri “Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaradılan yarma istehsalı sahəsinə də baxıb.

Kənd təsərrüfatının inkişafında, torpaqlardan səmərəli istifadə olunmasında meliorasiya və irriqasiya işlərinin görülməsi də vacib məsələlərdən biridir. Muxtar respublikada bu məsələ daim diqqətdə saxlanılıb, ötən il Babək və Culfa rayonlarının 2200 hektar torpaq sahəsini əhatə edən qapalı suvarma və drenaj şəbəkəsi, o cümlədən “Bərəkət” Toxumçuluq Təsərrüfatı üçün ayrılmış 2 min hektar torpaq sahəsinin 400 hektarında qapalı suvarma şəbəkəsi qurulub. Bu il Babək rayonunun Kültəpə və Kərimbəyli kəndlərinin 600 hektara yaxın torpaq sahəsini əhatə edən yeni suvarma şəbəkəsi yaradılıb.

Oktyabrın 22-də isə Kəngərli rayonunun Böyükdüz və Xok kəndlərini əhatə edən qapalı suvarma şəbəkəsi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri açılış tədbirində iştirak edib. Həmin gün Ali Məclisin Sədri Kəngərli rayonunun Böyükdüz kəndindəki taxıl əkini sahəsinə gəlib, muxtar respublikada taxıl əkininin gedişi ilə maraqlanıb.

Muxtar respublikamızda ətraf mühitin mühafizəsi sahəsində ardıcıl işlər görülür. Həyata keçirilən tədbirlər biomüxtəlifliyin qorunmasına, yaşıllıqların artırılmasına, atmosferin mühafizəsinə və torpaqların deqradasiyasının qarşısının alınmasına yönəlib. Bu baxımdan muxtar respublikada keçirilən iməciliklər böyük əhəmiyyətə malikdir. Oktyabrın 8-də və oktyabrın 22-də muxtar respublikada keçirilən iməciliklər zamanı yeni üzüm və meyvə bağları salınıb, yaşıllıqlara qulluq göstərilib, səliqə-sahman və təmizlik işləri aparılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri iməciliklərdə iştirak edib, əkin işlərinin davam etdirilməsi, yeni üzüm və meyvə bağlarının salınması barədə tapşırıqlar verib.

Bu gün muxtar respublikada böyük sənaye müəssisələri fəaliyyət göstərir, hər sahədə yeni iş yerləri yaradılır. Hər hansı bir iri müəssisənin istifadəyə verilməsi zamanı həm də kadr məsələləri gündəmə gəlir, hazırlıqlı kadrlara tələbat yaranır. Təcrübə göstərir ki, texniki peşə təhsili bütövlükdə təhsil sisteminin aparıcı istiqaməti olmaqla, cəmiyyətin sosial-mənəvi və iqtisadi inkişafında fərdlərin iştirakını təmin edir, insanları yeni biliklərə yiyələnməyə istiqamətləndirir, həmçinin peşəkar fəaliyyətdə davamlı inkişafa nail olmaqda real köməklik göstərir. Bu baxımdan texniki sahəni tədris edən təhsil ocaqlarının yaradılması böyük əhəmiyyətə malikdir.

Oktyabrın 10-da Ali Məclisin Sədri Naxçıvan Dövlət Texniki Kolleci üçün yeni tədris kompleksinin açılışında iştirak edib.

Muxtar respublikada dini-mənəvi dəyərlərimiz qorunub saxlanılır, ziyarətgahlar bərpa olunur, məscidlər tikilir, dindarlar üçün lazımi şərait yaradılır. İslamın müqəddəs günləri qeyd olunur, dini dəyərlərə sadiqlik nümayiş etdirilir. Hər il muxtar respublikada mənəvi birlik rəmzi olan Aşura mərasiminin keçirilməsi də bu sahədə görülən işlərin tərkib hissəsi kimi mühüm əhəmiyyətə malikdir. Oktyabrın 12-də Naxçıvan şəhərindəki Cümə məscidində Aşura mərasimi keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Aşura mərasimində iştirak edib.

Görülən məqsədyönlü işlər nəticəsində bu gün muxtar respublikanın bir sıra yaşayış məntəqələri abadlaşıb, qədim diyarda kompleks quruculuq işləri görülüb. Müasir kənd infrastrukturunun yaradılması, ən ucqar dağ və sərhəd kəndlərində də geniş abadlıq-quruculuq işlərinin görülməsi, kəndlərdə müasir tədris imkanları olan məktəb binalarının və sosial obyektlərin istifadəyə verilməsi, dayanıqlı elektrik enerjisi və təbii qaz təminatı, rabitə xidmətinin göstərilməsi və sürətli internetə çıxış imkanlarının yaradılması insanların rahat yaşayışının təmin olunmasına imkan verib. Müstəqilliyimizin bəhrəsi olan bu tədbirlər son illər Culfa və Ordubad rayonlarında da uğurla həyata keçirilib, kəndlər müasir görkəm alıb.

Culfa rayonunda aparılan abadlıq-quruculuq işləri yol infrastrukturunu da əhatə edib. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq oktyabrın 13-də Naxçıvan-Ordubad magistralı - Culfa şəhər və Gülüstan kənd avtomobil yolu yenidənqurma işlərindən sonra istifadəyə verilib.

Oktyabrın 13-də və oktyabrın 28-də Culfa rayonunun Gülüstan və Ordubad rayonunun Baş Dizə kəndlərində yeni məktəb binaları, kənd və xidmət mərkəzləri istifadəyə verilib, Gülüstan kənd içməli su sisteminin açılışı olub.

Muxtar respublikamızda sahibkarlığın inkişafı və yerli istehsalın həcminin artırılması sahəsində ardıcıl tədbirlər görülür. Yaradılan əlverişli şərait, güzəştli şərtlərlə kreditlərin verilməsi şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərdə də yeni təsərrüfat sahələrinin yaradılmasına imkan verir. Oktyabrın 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Gülüstan kəndindəki quşçuluq təsərrüfatının fəaliyyəti ilə maraqlanıb.

Muxtar respublikada ümummilli lider Heydər Əliyev yoluna sədaqət göstərərək müstəqilliyimizin möhkəmlənməsinə öz töhfəsini verənlərin, fədakarlıqla çalışanların, öz əməyi ilə digərlərinə nümunə olanların fəaliyyəti daim yüksək qiymətləndirilib. Oktyabrın 14-də – Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü ərəfəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Şöhrət” ordeninin, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Tərəqqi”, “Dövlət qulluğunda fərqlənməyə görə”, “İgidliyə görə” və “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medallarının, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının və vəsiqələrinin təqdimat mərasimi keçirilib.

Qədim diyarımızda təsərrüfatın çox mühüm və gəlirli sahəsi olan arıçılığın inkişafına da böyük diqqət göstərilir. Bu gün arıçılığın inkişafı ilə əlaqədar dövlət maliyyə dəstəyinin həcmi xeyli artırılıb, balın emalı və qablaşdırılması ilə məşğul olan yeni istehsal sahələri istifadəyə verilib. Təkcə ötən il muxtar respublikada 70 min 396 baş arı ailəsi mövcud olub, 1396 ton bal istehsal edilib. Bu da 1995-ci ildəki müvafiq göstəricini 14,5 dəfə üstələyir.

Oktyabrın 15-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində muxtar respublikanın bütün rayonlarından olan 210 arıçı tərəfindən 10 tondan artıq bal, vərəmum, çiçək tozcuğu, güləm, arı südü və digər arı məhsulları “Arıçılıq məhsulları – bal festivalı”nda sərgilənib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri festivalda iştirak edib, Naxçıvan balının sərgi-satışı ilə tanış olub.

Blokada vəziyyətində yaşayan Naxçıvanda vaxtilə bir sıra sahələrdə ciddi geriləmələr qeydə alınsa da, bu gün məhz həmin sahələrdə çox böyük nailiyyətlər əldə olunub. Bir vaxtlar informasiya blokadasında yaşayan qədim diyarda bu gün Naxçıvan televiziyası www.naxcivantv.az internet saytı üzərindən yayıma başlayıb. Müstəqilliyin bəhrələrindən biri olan bu mühüm hadisə informasiya blokadasının tamamilə ortadan qaldırılması deməkdir. Oktyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Muxtar respublikada nəşriyyat işinin müasir tələblər səviyyəsində qurulması diqqət mərkəzində saxlanılır. Bu sahədə görülən işlər çərçivəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində ən müasir çap avadanlıqları alınaraq quraşdırılıb, birliyin maddi-texniki bazası gücləndirilib. Oktyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində quraşdırılan yeni çap avadanlıqlarına baxıb.

Son illər çoxmənzilli ictimai yaşayış binalarının tikilməsi insanların rahatlığını təmin etməklə yanaşı, Naxçıvan şəhərinin arxitektura quruluşunu da zənginləşdirib. Oktyabrın 19-da Naxçıvan şəhərinin Heydər Əliyev prospektində inşa olunan 19 nömrəli yeni ictimai yaşayış binası istifadəyə verilib. Ali Məclisin Sədri bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Naxçıvan şəhərində mövcud yaşayış binalarının yenidən qurulması da davam etdirilir. Bu sahədə görülən işlər çərçivəsində Naxçıvan şəhərinin “İstiqlal” küçəsindəki 93 və 99 nömrəli ictimai yaşayış binaları əsaslı şəkildə yenidən qurulub. Oktyabrın 19-da Ali Məclisin Sədri binalarda görülən işlərlə maraqlanıb.

Naxçıvan müstəqillik illərində böyük inkişaf yolu keçərək özünün ərzaq, enerji təhlükəsizliyi ilə yanaşı, telekommunikasiya sisteminin təhlükəsizliyini də tam təmin edib. Oktyabrın 25-də muxtar respublikada dördüncü nəsil mobil rabitə şəbəkəsinin istifadəyə verilməsi bunun bariz nümunəsidir. Nüfuzlu beynəlxalq informasiya agentliklərinin də işıqlandırdıqları və həmin agentliklərin milyonlarla oxucusu tərəfindən maraqla qarşılanan bu hadisə muxtar respublikamızın əhalisinin sevincinə səbəb olub.

Türkiyə və Azərbaycan xalqları tarixin bütün dövrlərində hər zaman bir-birinin yanında olublar. Bu gün həmin tarixi varisliyə əsaslanan səmimi münasibətlər sistemi, Ulu Öndərin ifadə etdiyi kimi, “Bir millət, iki dövlət” tərəfindən uğurla davam etdirilir. Azərbaycanın dost və qardaş Türkiyə ilə əlaqələrinin inkişafında Naxçıvan Muxtar Respublikası da əhəmiyyətli rol oynayır. Ölkələrimiz və xalqlarımız arasında möhkəm tərəfdaşlığa muxtar respublika ilə qardaş ölkənin yaxın bölgələri arasındakı əməkdaşlıq da öz töhfəsini verməkdədir. Oktyabrın 28-də Türkiyə Cümhuriyyətinin yaradılmasının 93-cü ildönümü münasibətilə Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğu tərəfindən rəsmi qəbul təşkil edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsmi qəbulda iştirak edib.

Muxtar respublikada ulu öndər Heydər Əliyevin inkişaf strategiyasının uğurla davam etdirilməsi nəticəsində aqrar-sənaye kompleksi də çox böyük inkişaf yolu keçib. Bu gün daxili bazarın tələbatı yerli istehsal hesabına ödənilir. Hər il yeni müəssisələr fəaliyyətə başlayır, keyfiyyətli və rəqabətədavamlı məhsul istehsal olunur. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, 2016-cı ildə muxtar respublikada 23 yeni istehsal və xidmət sahəsi yaradılıb. Oktyabrın 31-də isə “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal sahələri və anbarları istifadəyə verilib. Gələcəkdə muxtar respublikada istehsal olunan məhsulların Naxçıvan brendi ilə xarici bazarlara çıxarılması və tanıdılması da müəssisənin qarşısında duran əsas vəzifələrdən biridir.

Bu gün blokada vəziyyətində inkişaf nümunəsi göstərən Naxçıvanda Ümummilli Liderin siyasi kursuna münasibətdə sözlə əməlin, dərin sədaqətlə konkret işin vəhdəti mövcuddur. Qədim yurdda görülən genişmiqyaslı işlər isə müstəqil Azərbaycan dövlətinin milli maraqlarının ən yüksək səviyyədə təmin olunmasına xidmət edir. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və uzunmüddətli dövrə hesablanmış inkişaf strategiyasına əsaslanan sosial-iqtisadi inkişaf siyasətinin yeni mərhələdə müvəffəqiyyətlə icra olunması belə deməyə əsas verir ki, qədim diyarımız bundan sonra da uğurlara imza atacaqdır.

Rauf Əliyev

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.