REGİONLAR
Naxçıvanda endikrinologiya sahəsində müalicə-diaqnostika işinin yaxşılaşdırılması məsələləri müzakirə edilib
Naxçıvan, 23 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublika Xəstəxanasında keçirilən “Endokrinologiyanın aktual problemləri” mövzusunda elmi-praktik konfransda bu sahədə müalicə-diaqnostika işinin yaxşılaşdırılması məsələləri diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov muxtar respublikada səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi, infrastrukturun yenidən qurulması istiqamətində kompleks işlər görüldüyünü, bunun digər sahələr kimi, endokrinologiyada da mühüm irəliləyişlərə şərait yaratdığını qeyd edib.
Bildirilib ki, əvvəllər fəaliyyət göstərən endokrinoloji dispanserin bazasında Naxçıvan Muxtar Respublika Xəstəxanasında endokrinologiya şöbəsinin yaradılması səhiyyə islahatlarının tərkib hissələrindən biridir. Burada müalicə-diaqnostika işinin yaxşılaşdırılması şəkərli diabet xəstələrinin aşkarlanması üçün də şərait yaradıb. Endokrinologiya şöbəsi tərəfindən şəkərli diabetin diaqnostikası və müalicəsi üzrə klinik protokolların tətbiqi, xəstəliyin profilaktikasına dair maarifləndirici söhbətlərin aparılması, diabetin fəsadlarının profilaktikası məqsədilə tibb müəssisələrində təlim məktəbləri şəbəkəsinin gücləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Həkimlərin peşə bacarığının yüksəldilməsi üçün müxtəlif tədbirlər həyata keçirilir. Müasir müalicə metodlarının öyrənilməsi və tətbiqi üçün yüksəkixtisaslı mütəxəssislərin iş təcrübəsindən istifadə olunur. Bu gün inkişaf edən dünya səhiyyə sisteminin müasir nailiyyətlərinin öyrənilməsində, ondan faydalanmaqda elmi-praktik konfransların mühüm əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq bu işə daim diqqət yetirilir. Hər il Bakıdan gələn yüksəkixtisaslı həkimlər yerli həmkarları ilə birgə bölgələrdə konsultativ söhbətlər, səhiyyə maarifi işi aparır, rayonlarda bu qəbildən olan xəstələrə baxış keçirir, onlara tibbi məsləhətlər verirlər.
Sonra Bakı şəhərində tibbi fəaliyyət göstərən endokrinoloji və metabolik xəstəliklər üzrə mütəxəssis, həkim Rövşən Həsənovun “Qalxanvarı vəz xəstəlikləri, diaqnostikası, müalicə taktikası” mövzusunda məruzəsi dinlənilib. Mütəxəssis şəkərli diabetin tipləri, risk faktorları, diaqnostikası, dərman vasitələrinin seçilməsi və müalicə işinin təşkilində müasir üsullar barədə məlumat verib. Bildirib ki, şəkərli diabet endokrin sistemin ən geniş yayılmış xəstəliklərindən biridir. Hər il qeydə alınan ölüm hallarının 5 faizi şəkərli diabet nəticəsində baş verir. Bu xəstəliklə mübarizə hazırda dünya səhiyyəsinin ən aktual məsələlərindən biridir.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim-endokrinoloqu Gülşən Həsənquliyeva tədbir iştirakçılarına məlumat verib ki, muxtar respublikada görülmüş tədbirlər nəticəsində şəkərli diabet xəstələrinin dərman və özünənəzarət vasitələri ilə təmin olunması işi xeyli yaxşılaşıb. 2007-ci ildə verilmiş qlükometr aparatları və test lövhələrindən ibarət özünənəzarət vasitələri yeniləri ilə əvəzlənib. Bu aparatlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının endokrinologiya şöbəsində qeydiyyatda duran hər bir xəstəyə ödənişsiz olaraq təqdim edilir. Eyni zamanda aparatla qanda şəkərin miqdarının təyin edilməsi qaydaları izah olunur.
Muxtar respublikanın tibb müəssisələrində çalışan endokrinoloq, terapevt, pediatr, nevroloq, cərrah, ginekoloqların, rezident və Naxçıvan Dövlət Universiteti Tibb fakültəsi və Naxçıvan Tibb Kolleci tələbələrinin iştirak etdiyi konfransda müzakirələr aparılıb, suallar cavablandırılıb.