REGİONLAR


Naxçıvanda fəaliyyət göstərən “Ləzzət Broyler”in məhsulları paytaxt Bakı bazarına çıxarılacaq

A+ A

Naxçıvan, 4 oktyabr, AZƏRTAC

Muxtar respublikada daxili bazarı yüksəkkeyfiyyətli yerli ərzaq məhsulları ilə təmin edən müəssisələrdən biri olan “Ləzzət Broyler” Məhdud Məsuliyyətli Cəmiyyətinin tələbatdan artıq istehsal etdiyi quş ətinin paytaxt Bakı bazarında və ölkəmizin digər regionlarında satışa çıxarılması nəzərdə tutulur.

“Ləzzət Broyler” MMC 2011-ci ilin noyabr ayında yaradılıb. Özəl bölməyə, sahibkarlıq fəaliyyətinə göstərilən dövlət qayğısından bu müəssisə də bəhrələnib. Muxtar respublikanın Sahibkarlığa Kömək Fondundan 2012-ci ilin may ayında 400 min manat, dekabr ayında isə 650 min manat dövlət maliyyə dəstəyi göstərilib. Ətlik istiqamətli quşçuluq təsərrüfatının yaradılması üçün Babək rayonunun Kərimbəyli kəndində 20 min 674 kvadratmetr, kəsim və paketləmə istehsalı sahəsi üçün isə Hacıvar kəndində 5013 kvadratmetr torpaq sahəsi ayrılıb. Quşçuluq təsərrüfatında quşların bəslənilməsi üçün hər biri 15 min baş quş tutumuna malik 5 bina inşa olunub.

Həmin binalarda Türkiyənin “Tavsan” firmasının istehsalı olan, kompyuterlə idarəetmə mərkəzi ilə təmin olunmuş müasir texnoloji avadanlıqlar quraşdırılıb, quşların yemlənməsi və suvarılması üçün tam avtomatlaşdırılmış xətt istifadəyə verilib, isitmə və soyutma sistemi yaradılıb. Quşçuluq təsərrüfatları əvvəllər qarışıq qüvvəli yemi və inkubator cücələrini xaricdən alıb əlavə daşınma xərci çəkir, vaxt itkisi ilə üzləşirdilərsə, artıq muxtar respublikamızda yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması ilə bu problem aradan qaldırılıb. Quşların bəslənməsi üçün qarışıq qüvvəli yem “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının qarışıq qüvvəli yem istehsalı müəssisəsindən, inkubator cücələri isə “Araz-3” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınır. Quşlar müəyyən olunmuş temperaturda 45-50 gün müddətində qapalı şəraitdə bəslənilir, onlara baytar həkim tərəfindən nəzarət edilir.

Quşların kəsimi və paketlənməsi üçün Hacıvar kəndində ayrılmış ərazidə istehsal sahələri, müxtəlif temperatura malik ayrı-ayrı soyuducu anbarlar tikilib istifadəyə verilib. İstehsal sahəsində Türkiyənin “Alberk” firmasından alınmış, istehsal gücü saatda 1500 baş quş olan tam avtomatlaşdırılmış xətt, soyuducu anbarlarda isə Türkiyə və Almaniya istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılıb. Kərimbəyli kəndindəki quşçuluq təsərrüfatının tikintisinə 569 min 883 manat, avadanlıqların alınmasına 174 min 861 manat, Hacıvar kəndində fəaliyyət göstərən kəsim və paketləmə istehsalı sahəsinin tikintisinə 543 min 568 manat, avadanlıqların alınmasına 675 min manat vəsait sərf olunub. Ümumilikdə, müəssisənin tikintisinə və texnoloji avadanlıqların alınmasına 1 milyon 963 min manatdan çox vəsait sərf olunub ki, bunun da 1 milyon 50 min manatı muxtar respublikanın Sahibkarlığa Kömək Fondundan, 913 min manatı isə daxili imkanlar hesabına ödənilib.

Sanitar-gigiyenik qaydalara və texnoloji proseslərə ciddi əməl olunan müəssisədə quşların bəslənilməsindən tutmuş satışa çıxarılmasınadək bütün texniki normalara ciddi riayət edilir. Quşların kəsilməsi əl ilə aparılır, 6 mərhələdə təmizləmədən sonra 14 çeşiddə quş əti müxtəlif çəkilərdə “Ləzzət Broyler” tanıtım nişanı vurulmuş xüsusi paketlərə yığılır. Hər bir paketin üzərində toyuq ətinin çəkisi, istehsal tarixi, saxlanma şəraiti və istifadə müddəti göstərilir. Sonrakı mərhələdə isə məhsul hər birinin tutumu 5 ton olan 2 ədəd xüsusi soyuducuda 8 saat müddətində mənfi 35 dərəcə temperaturda dondurulur və hər birinin tutumu 40 ton olan 3 soyuducuda 18 dərəcə temperaturda saxlanılır. Buradan isə soyuducu kameralarla təmin olunmuş xüsusi avtomaşınlarla sifarişə uyğun olaraq ayrı-ayrı ticarət obyektlərinə göndərilir.

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.