REGİONLAR


Naxçıvanda fəaliyyəti bərpa edilmiş və yeni qurulmuş müəssisələrdə 366 növdə məhsul istehsal olunur

A+ A

Naxçıvan, 6 sentyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında fəaliyyəti bərpa edilmiş və yeni qurulmuş müəssisələrdə bu gün 366 növdə, 1100-dən çox çeşiddə məhsul istehsal olunur, 344 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir. Bütün bunlar payız-qış mövsümündə əhalinin ərzaq məhsullarına olan tələbatının tam ödənilməsinə imkan verir.

AZƏRTAC xəbər verir ki, bu faktlar Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində 2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən tədbirdə səsləndirilib.

Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini Anar Əhmədov bildirib ki, payız-qış mövsümünə hazırlıqla əlaqədar meyvə-tərəvəz məhsullarının tədarük olunması diqqətdə saxlanılıb və muxtar respublika ərazisindəki soyuducu anbarlara iyunun 27-dən avqustun 29-dək cəmi 2 min 421 ton kənd təsərrüfatı məhsulu, o cümlədən 2 min 44 ton kartof, 155 ton soğan, 2 ton alma və 220 ton ərik məhsulları tədarük olunub. Soyuducu anbarlardan səmərəli istifadə etmək məqsədilə anbarlardakı boş qalan kameralar sahibkarlar tərəfindən istehsalçılara icarəyə verilib. Hazırda bu kameralarda icarə olaraq 582 ton məhsul saxlanılır. 2016-cı ilin ötən dövründə Şərur rayonunda ümumi tutumu 1000 ton olan 4 soyuducu anbar istifadəyə verilib. Ümumilikdə, muxtar respublika üzrə hüquqi və fiziki şəxslər tərəfindən ümumi tutumu 13 min 730 ton olan 26 soyuducu anbar istifadədədir.

Muxtar respublikada əhalisinin qış mövsümündə keyfiyyətli tərəvəz məhsulları ilə təmin olunmasında istixana komplekslərinin mühüm əhəmiyyət kəsb etdiyini deyən Anar Əhmədov diqqətə çatdırıb ki, cari ilin ötən dövründə ümumi sahəsi 4 min 400 kvadratmetr olan 2 istixana kompleksi istifadəyə verilib. Bununla da, muxtar respublikada istixana komplekslərinin sayı 20-yə çatıb ki, onların da ümumi sahəsi 126 min kvadratmetrdən artıqdır.

Vurğulanıb ki, ötən dövrdə muxtar respublikada taxıl tədarükü də diqqət mərkəzində saxlanılıb. Bu il avqustun 29-u tarixinə anbarlarda 11 min 594 ton taxıl və 460 ton un ehtiyatı yaradılıb. İstehsal olunan buğdanın mərkəzləşdirilmiş qaydada hər kiloqramının 30 qəpikdən satın alınması və muxtar respublikada mövcud olan 27 min ton tutumlu uzunmüddətli, 27 min 680 ton tutumlu qısamüddətli taxıl anbarlarının fəaliyyət göstərməsi taxıl ehtiyatının yaradılmasında mühüm əhəmiyyət daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.