REGİONLAR


Naxçıvanda fəaliyyətlərində fərqlənən media işçiləri mükafatlandırılıb

Naxçıvan, 22 iyul, AZƏRTAC

İyulun 22-də Naxçıvan şəhərində Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək deyib ki, Naxçıvan Muxtar Respublikasında bütün sahələr kimi, mətbuatın inkişafı da diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart tarixli Sərəncamı muxtar respublika mətbuatını yeni inkişaf müstəvisinə çıxarıb. Bu inkişafın nəticəsidir ki, hazırda muxtar respublikanın paytaxtının və hər bir rayonun mətbuat orqanı var. Bu mətbuat orqanlarında maddi-texniki baza yaxşılaşdırılıb, müasir iş şəraiti yaradılıb. “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni kompleks tikilib, burada müasir çap-poliqrafiya avadanlıqları quraşdırılıb, qəzet və jurnalların yüksək poliqrafik keyfiyyətlə nəşri təmin olunub. Bununla yanaşı, “Şərq qapısı” qəzetinin internet saytı da yaradılıb.

Muxtar respublikada mətbuat orqanlarının maddi-texniki bazasının yaxşılaşdırılması ilə yanaşı, kadrlarla təminatı da diqqətdə saxlanılır. Naxçıvan Dövlət Universitetində Jurnalistika ixtisası açılıb, mütəxəssis hazırlığı üçün zəruri şərait yaradılıb. Muxtar respublikada fəaliyyəti ilə seçilən mətbuat işçilərinin əməyi də dövlət tərəfindən yüksək qiymətləndirilir, onlar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülürlər. Milli Mətbuat günü ilə bağlı keçirilən bu tədbir də Ali Məclis Sədrinin mətbuat işçilərinə qayğısının daha bir ifadəsidir.

Rəhman Məmmədov Milli Mətbuat Günü münasibətilə muxtar respublikanın bütün mətbuat işçilərini təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov çıxışında bildirib ki, 1875-ci il iyulun 22-də xalqımızın milli oyanışında, milli birliyin möhkəmləndirilməsində mühüm rol oynayan “Əkinçi” qəzetinin nəşrə başlaması ilə Azərbaycanda milli mətbuatın əsası qoyulub. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında mətbuatın inkişafı daim diqqətdə saxlanılır. Bu gün qürur hissi ilə demək olar ki, Naxçıvan mətbuatı özünün əsl inkişaf dövrünü yaşayır. Bu inkişafdan “Nuh yurdu” qəzetinə də pay düşüb, qəzetin fəaliyyəti üçün lazımi iş və yaradıcılıq şəraiti yaradılıb.

Tədbirdə “Şərq qapısı” qəzetinin baş redaktoru Mehriban Sultanova və “Nuh yurdu” qəzetinin redaktoru Qafar Qənbərov çıxış edərək, muxtar respublikada mətbuatın inkişafına göstərilən qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq ediblər.

Sonra fəaliyyətlərində fərqlənən əməkdaşlara hədiyyələr təqdim olunub.

Tədbir çay süfrəsi arxasında davam etdirilib.

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.