REGİONLAR
Naxçıvanda gənclər hərbi xidmətə yola salınır
Naxçıvan, 11 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədr müavini Sultan İsmayılov, ədliyyə nazirinin müavini Emin Səfərov, gənclər və idman nazirinin müavini Mirməcid Seyidov çıxış edərək, əlamətdar hadisə münasibətilə çağırışçıları və onların valideynlərini təbrik ediblər.
Valideyn Arzu Məmmədov ordu sıralarına yola düşən gənclərə xoş arzularını çatdırıb, övladının hərbi xidmətə yollanmasından böyük qürur hissi keçirdiyini deyib.
Çağırışçılar adından çıxış edən Elmin Zamanov Vətənə şərəflə xidmət edəcəklərinə, komandirlərinin tapşırıqlarını vaxtında və layiqincə yerinə yetirəcəklərinə söz verib.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Səxavət Salmanov çıxışında bildirib ki, ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq gənclərin hərbi xidmətə çağırılmasına başlanılıb. Həm biz, həm də çağırışçılar və onların valideynləri böyük qürur hissi keçiririk ki, hərbi xidmətə çağırılan gənclərimiz Vətəni qorumaq kimi müqəddəs bir xidmətə başlayacaqlar.
Qeyd olunub ki, ölkəmizdə ordu quruculuğuna göstərilən dövlət qayğısı Silahlı Qüvvələrimizin hərtərəfli inkişafına və güclənməsinə səbəb olub. Bu sahədə görülən işlərin nəticəsidir ki, hazırda ölkəmizin təhlükəsizliyini etibarlı təmin edən müasir və güclü ordumuz var. Ordumuz istənilən anda işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir. Ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər Silahlı Qüvvələrin Naxçıvan Muxtar Respublikasında yerləşən hissələrinin də inkişafına hərtərəfli şərait yaradıb, maddi-texniki təminat gücləndirilib, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırılıb. Bütün bunlar çağırışyaşlı gənclərin hərbi hissələrdə nümunəvi xidmətinə imkan verib.
Xidmət rəisi Vətən qarşısında borcunu yerinə yetirməyə yola düşən çağırışçıların valideynlərini və yaxınlarını təbrik edərək, əmin olduğunu bildirib ki, övladları ordu sıralarında ləyaqətlə xidmət keçməklə, hərbi texnikanın sirlərinə dərindən yiyələnməklə, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmaqla onların başını uca edəcəklər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.