REGİONLAR
Naxçıvanda gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb
Naxçıvan, 29 noyabr, AZƏRTAC
Muxtar respublikada gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün ardıcıl tədbirlər görülür. Bu məqsədlə son illər Naxçıvan şəhərində peyntbol oyunlarının keçirilməsi üçün yeni obyektlər istifadəyə verilib, Naxçıvan Atıcılıq Federasiyasının Naxçıvan Atıcılıq Mərkəzi və “Cahan AVM Peyntbol Arena” Oyun Mərkəzi gənclərin sevimli məkanına çevrilib.
AZƏRTAC xəbər verir ki, Duzdağ Kartinq Mərkəzi də gənclərin əylənməsi və vaxtını səmərəli keçirməsi üçün nəzərdə tutulan məkanlardan biridir. Mərkəz muxtar respublikaya gələn turistlərin ən çox üz tutduğu ünvanlardandır. Burada 5 yaşdan yuxarı kateqoriyalar üzrə yarışlar təşkil edilir.
Muxtar respublikada 2015-ci ildə ilk dəfə yaradılan Atçılıq Klubu da gənclərin və uşaqların çox sevdiyi məkanlardandır. Klubda cıdır meydanının uzunluğu 920 metr təşkil edir. 13 atla fəaliyyətə başlayan klubda hazırda 45 müxtəlif cinsli at saxlanılır. Burada yerli Naxçıvan atları ilə yanaşı ərəb, ingilis və Qarabağ atları da var. Həftənin bütün günləri fəaliyyət göstərən klubda insanların istirahəti və təhlükəsizliyi üçün hər cür şərait yaradılıb. Təhsildə yüksək nəticə əldə edən şagirdlərlə yanaşı, sağlamlıq imkanları məhdud uşaqlar da klubdan pulsuz istifadə edirlər. Uşaqlar kiçikboylu at cinslərinə – ponilərə daha çox maraq göstərirlər.