REGİONLAR
Naxçıvanda görkəmli bəstəkar Tofiq Quliyevin 100 illik yubileyi qeyd olunub
Naxçıvan, 24 aprel, AZƏRTAC
Naxçıvan Dövlət Filarmoniyasında görkəmli Azərbaycan bəstəkarı, Dövlət mükafatı laureatı Tofiq Quliyevin 100 illik yubileyi qeyd edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının direktoru, Azərbaycan Respublikasının Əməkdar Artisti Elman Əliyev “Tofiq Quliyevin həyat və yaradıcılığı” mövzusunda çıxış edib. Elman Əliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il fevralın 7-də imzaladığı Sərəncama əsasən, bu il ölkəmizdə görkəmli bəstəkarın 100 illiyi qeyd olunur. Vurğulanıb ki, Tofiq Quliyevin yaradıcılığı geniş və rəngarəng olmaqla həmişə diqqəti cəlb edir. Görkəmli bəstəkarın hələ ötən əsrin 30-cu illərində muğamlarımızın nota köçürülməsi sahəsində gördüyü işlər respublikamızın həyatında mədəni hadisə kimi qiymətləndirilib.
Qeyd olunub ki, Tofiq Quliyev müxtəlif illərdə 5 musiqili komediya bəstələyib, valslar, fortepiano üçün prelüd, variasiyalar yazıb. Həmçinin bir çox kino musiqilərinin müəllifidir. Bütün bunlarla yanaşı, Tofiq Quliyev estrada musiqisinin əvəzsiz sənətkarı kimi də tanınıb. Bəstəkarın lirik, şux, nikbin və oynaq çalarlı musiqiləri əbədiyaşardır.
Sonra Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin ifasında Tofiq Quliyevin əsərləri səsləndirilib. Orkestrin solistlərinin ifaları alqışlarla qarşılanıb.