REGİONLAR
Naxçıvanda heyvandarlığın inkişafı diqqət mərkəzindədir
Naxçıvan, 18 avqust, AZƏRTAC
Muxtar respublikada kənd təsərrüfatının, eləcə də onun aparıcı sahələrindən olan heyvandarlığın inkişafı daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə ardıcıl işlər görülür, mövcud mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasında, məhsuldarlığın yüksəldilməsində süni mayalandırmanın tətbiqi son illərdə müsbət nəticələrin əldə edilməsinə səbəb olur.
Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətindən AZƏRTAC-a bildirilib ki, həyata keçirilən tədbirlər cari ilin birinci yarımilində də uğurla davam etdirilib. Hazırda muxtar respublikada 23 süni mayalandırma məntəqəsi fəaliyyət göstərir. Bu il iyulun 1-i tarixinə olan məlumata görə, muxtar respublikada 5 min 615 baş iribuynuzlu mal-qarada süni mayalandırma tətbiq olunub, 3 min 807 baş bala alınıb.
Qeyd edək ki, muxtar respublikada heyvandarlıqla məşğul olan təsərrüfat subyektlərinə göstərilən dövlət dəstəyi nəticəsində son illərdə bu sahədə xeyli müsbət nəticələr əldə olunub. 2000-ci illə müqayisədə 2017-ci ilin ötən dövründə regionda iribuynuzlu mal-qaranın və xırdabuynuzlu heyvanların sayı 2 dəfəyədək artıb.