REGİONLAR
Naxçıvanda ilin əvvəlindən bəri 2270-dən çox insan işlə təmin olunub
Naxçıvan, 7 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması daim diqqət mərkəzindədir. Cari ilin 10 ayında 2277 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin olunub, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 22 nəfər kvota yerlərinə göndərilib, 230 nəfər haqqıödənilən ictimai işlərə cəlb edilib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-a bildirilib ki, işlə təmin olunanların 612-si qadınlar, 964-ü gənclər, 86-sı sağlamlıq imkanları məhdud şəxslər, 28-i hərbi xidmətdən yeni tərxis olunan gənclər, 6-sı cəzaçəkmə müəssisəsindən azad olunanlar, 84-ü isə aztəminatlı ailələrin əmək qabiliyyətli üzvləridir.
Bu dövrdə 65 nəfər, həmçinin sağlamlıq imkanları məhdud 5 nəfər kəndlərdə fəaliyyət göstərən xidmət mərkəzlərində işlə təmin edilib. Tətil günlərində işləmək istəyən tələbələrin mövsümi işlərə göndərilməsi istiqamətində də tədbirlər həyata keçirilib, 33 tələbə müvəqqəti xarakterli işlərə göndərilib.
Əmək yarmarkalarında 352 nəfər, o cümlədən təhsil və səhiyyə müəssisələrində keçirilən əmək yarmarkalarında, ümumilikdə, 297 nəfər münasib işlə təmin edilib.
Bu müddətdə Naxçıvan Regional Peşə Tədris Mərkəzində əmək bazarının tələbləri nəzərə alınaraq müxtəlif peşə sahələri üzrə kursların təşkil olunması davam etdirilib. 324 nəfər, o cümlədən sağlamlıq imkanları məhdud 44 nəfər, hərbi xidmətdən tərxis olunan 13 nəfər peşə kurslarına göndərilib.
Məhdud fiziki imkanlı şəxslər tərəfindən toxunan 1184 cüt yun corab və 464 ədəd yun şərf əsgərlərimizə təhvil verilib. Əsgərlər üçün isti geyimlərin toxunması işi davam etdirilir. “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” adlı sosialyönümlü haqqıödənilən ictimai işə 11 xalçatoxuyan evdar qadın cəlb olunub. Onlar tərəfindən toxunan xalçalar təhvil alınıb, Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında təşkil olunan sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışda nümayiş etdirilib. Sərgi-satışda sağlamlıq imkanları məhdud 12 şəxsin, ümumilikdə, 2 min 23 manat məbləğində 5 rəsm və 33 əl işi satılıb. Həmçinin fərdi təsərrüfatlarını inkişaf etdirmək üçün 2 aztəminatlı ailəyə kömək göstərilib.