REGİONLAR


Naxçıvanda ilkin tibbi yardımın təşkilinə dair elmi-praktik seminar təşkil olunub

Naxçıvan, 30 iyul, AZƏRTAC

Zədələnmiş və ya xəstələnmiş şəxsin həyatının xilas edilməsində və sağlamlığının bərpa olunmasında ilkin tibbi yardımın böyük əhəmiyyəti var.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə Naxçıvan Muxtar Respublika Xəstəxanasında keçirilən “İlkin tibbi yardım” mövzusunda elmi-praktik seminarda danışılıb.

Muxtar respublika səhiyyə nazirinin müavini Samrat Gəncəyeva səhiyyəyə göstərilən dövlət qayğısı nəticəsində bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirildiyini, infrastrukturunun yenidən qurulduğunu, bunun da təxirəsalınmaz tibbi yardım sahəsində mühüm irəliləyişlərə şərait yaratdığını bildirib. Qeyd edib ki, ilkin tibbi yardım hər hansı bir qəza və ya həyati təhlükə yaradan vəziyyətdə həkimlərin yardımına qədər insan həyatının xilas olunması və ya onun vəziyyətinin daha da pisləşməsinin qarşısının alınması məqsədilə hadisə yerində mövcud imkanlarla edilən ilk müdaxilədir. Hadisə yerində bir sıra sadə tədbirləri yubanmadan həyata keçirməklə ağır fəsadların və xoşagəlməz nəticələrin qarşısını almaq mümkündür.

Naxçıvan Muxtar Respublika Xəstəxanasının əməkdaşı Fəxriyyə Məmmədova terminal vəziyyət, onun dəyərləndirilməsi, ilkin intensiv reanimasiya tədbirləri, ürək masajı, süni tənəffüsvermə, defibrilyasiyaya göstərişlər və onların aparılması qaydaları barədə məlumat verib.

Sonra xəstəxananın həkim-travmatoloqu Adil Məmmədov “Yaralanmalar zamanı ilkin tibbi yardım və sarğının qoyulma qaydaları”, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkim-anestezioloq-reanimotoloqu Habil Vəliyev “Qanaxmalar, onların differensasiyası, qanaxmalar zamanı ilkin tibbi yardım” mövzularında məruzələr ediblər.

İlkin tibbi yardım qaydaları mulyaj üzərində aparılıb, videogörüntülərlə müşayiət olunub.

Sonra dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.