REGİONLAR
Naxçıvanda infrastruktur quruculuğu çərçivəsində əsas kapitala 385 milyon manatdan çox investisiya yönəldilib
Naxçıvan, 23 iyun, AZƏRTAC
İnfrastruktur quruculuğu çərçivəsində cari ilin yanvar-may aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 385 milyon 518 min manat həcmində investisiya yönəldilib ki, bu da bir il öncəki göstəricidən 1,5 faiz çoxdur. Əsas kapitala yönəldilmiş investisiyanın 361 milyon 724 min manatı və ya 93,8 faizi tikinti-quraşdırma işlərinin payına düşüb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2017-ci ilin yanvar-may aylarında informasiya və rabitə xidmətlərinin həcmi 20 milyon 254 min 700 manat olub. Bu da 2016-cı ilin müvafiq dövründəki xidmətlərin həcmi ilə müqayisədə 2,3 faiz çoxdur. Bu dövr ərzində mobil rabitə xidmətinin həcmi 16 milyon 521 min 200 manat təşkil edib və bir il öncəyə nisbətdə 1,9 faiz artıb.
Yanvar-may aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 9 milyon 271 min 600 manat məbləğində kreditlər verilib. Verilən kreditlərin 2 milyon 16 min 900 manatı və yaxud 21,8 faizi qısamüddətli, 7 milyon 254 min 700 manatı və yaxud 78,2 faizi uzunmüddətli kreditlər olub.
İyunun 1-nə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 59 min 780-ə çatıb ki, bunun da 50 min 671-i və ya 84,8 faizi aktiv hesablardır. 2017-ci ilin yanvar-may aylarında açılmış 16 min 434 bank hesabının 16 min 382-si aktiv hesablar olub.
Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1249-a çatıb.
Yanvar-may aylarında muxtar respublikada bütün sığorta növləri üzrə daxilolmalar 3 milyon 13 min 700 manat olub ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 28,4 faiz çoxdur.
Bu dövrdə muxtar respublikaya 153 min 305 nəfər turist gəlib. Bu isə 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz və ya 5 min 763 nəfər çoxdur.