REGİONLAR
Naxçıvanda keçirilən beynəlxalq konfrans başa çatıb
Naxçıvan, 12 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun olaraq, iyulun 9-dan işə başlayan “Naxçıvan qalaları: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfrans başa çatıb.
AZƏRTAC xəbər verir ki, beynəlxalq tədbirdə müvafiq sahələr üzrə bölmə iclasları keçirilib. Bölmələrdə “Naxçıvan qalalarının tarixi”, “Naxçıvan qalalarının arxeoloji tədqiqi”, “Kitabi-Dədə Qorqud” dastanlarında, tarixdə və günümüzdə Əlincəqala”, “Azərbaycan ədəbiyyatında Naxçıvan qalaları” və bir sıra digər mövzularda ətraflı məruzələr dinlənilib.
Məruzələrdə qeyd olunub ki, qədim mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan Muxtar Respublikasının ərazisi min illərin tarixini yaşadan qədim yaşayış yerləri, tarixi abidələrlə zəngindir. Buradakı mağaralar, qədim yaşayış yerləri, möhtəşəm qalalar, qayaüstü rəsmlər, daş qoç heykəlləri və türbələr tarixin dərin qatlarından xəbər verir. Naxçıvan tarixin bütün dövrlərinə aid zəngin mədəniyyət və memarlıq nümunələri ilə zəngindir. Bu qədim tarixi-mədəni irsin qorunub saxlanması istiqamətində ardıcıl tədbirlər görülür, tarixi abidələr bərpa olunaraq keçmişdən bu günə körpü salınır.
Sonda AMEA Naxçıvan Bölməsində konfransın yekun iclası keçirilib, bölmə rəhbərlərinin hesabatları dinlənilib, konfransda əldə edilən nəticələr müzakirə edilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib.