REGİONLAR
Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı 3,1 faiz artıb
Naxçıvan, 5 avqust, AZƏRTAC
Muxtar respublikada bu ilin ilk 6 ayı ərzində kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 122 milyon 440 min manat olub ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, bu faktları Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində keçirilən kollegiya iclasında kənd təsərrüfatı naziri Elşad Əliyev səsləndirib.
Bildirilib ki, kənd təsərrüfatı sahəsində aparılan iqtisadi islahatlar artıq bir neçə ildir muxtar respublikada əhalinin əksər kənd təsərrüfatı məhsullarına olan tələbatının daxili istehsal hesabına ödənilməsini təmin edib. Həyata keçirilmiş məqsədyönlü tədbirlərin nəticəsidir ki, torpaq mülkiyyətçilərinin istifadəsində olan torpaqlardan səmərəli istifadə etməklə məhsul bolluğu yaradılıb, məhsulların keyfiyyəti artıb, rəqabətə davamlılıq yüksəlib, bazarlarda yerli məhsullar üstünlük təşkil edib.
“Muxtar respublikada ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik olan müasir təsərrüfatların yaradılmasına dövlət dəstəyi davam etdirilir”, - deyən Elşad Əliyev qeyd edib ki, 2017-ci il iyulun 1-nə muxtar respublikanın 87 kəndində 201 böyük ailə təsərrüfatı olub. Həmin təsərrüfatlarda 5 min 997 baş mal-qara, 35 min baş xırdabuynuzlu heyvan, 8 min 712 baş quş, 4 min 700 arı ailəsi, 3061 hektar əkin sahəsi, 47 hektar meyvə bağı, 7,8 hektar üzüm bağı, 32 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı maşın və mexanizmləri var. Verilmiş kreditlərdən səmərəli istifadənin nəticəsidir ki, bu təsərrüfatlarda bütün növlər üzrə məhsul istehsalı və məhsuldarlıq göstəriciləri yüksəkdir.
Diqqətə çatdırılıb ki, əkinçilikdə, xüsusilə dənli bitkilərin məhsuldarlığının yüksəldilməsində keyfiyyətli toxum materialından istifadə əsas amillərdəndir. Hazırda muxtar respublikada 5 toxumçuluq və 1 tingçilik təsərrüfatı fəaliyyət göstərir. Ötən il həmin təsərrüfatlarda istehsal edilmiş buğda toxumları üçün 150 min manat subsidiya ödənilib.
Ötən dövrdə 629 hektar sahədə meyvə bağı salındığını deyən Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı naziri vurğulayıb ki, dövlət proqramına uyğun olaraq “Araz” Elm-İstehsalat Birliyinin Ordubad dayaq məntəqəsində aparılmış tədqiqat işləri nəticəsində 372 meyvə sortunun genetik fondu toplanıb.
Bildirilib ki, kənd təsərrüfatı işlərinin mütəşəkkil keçirilməsində kənd təsərrüfatı texnikalarının sazlığı mühüm şərtlərdəndir. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 227 ədədi bu ilin yanvar-iyul aylarında olmaqla, cəmi 1978 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və avadanlıq muxtar respublikaya gətirilib.
Elşad Əliyev beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında verilmiş tapşırıqların icrası ilə bağlı qarşıda duran vəzifələrdən də danışıb, bu sahədə görüləcək işlər müəyyənləşdirilib.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.