REGİONLAR
Naxçıvanda kitabxanaçılıq üzrə kursları müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim edilib
Naxçıvan, 14 fevral, AZƏRTAC
Naxçıvan Musiqi Kollecində “Kitabxana işinin təşkili və müasir tələblər” mövzusunda keçirilən biraylıq kursu müvəffəqiyyətlə bitirənlərə fevralın 14-də sertifikatlar təqdim edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova muxtar respublikada 234 kitabxananın fəaliyyət göstərdiyini və kitabxanalarda 439 nəfər kitabxana işçisinin çalışdığını bildirib. Nazir qeyd edib ki, kitabxanaçılar kurslarda öyrəndikləri təcrübi biliklərdən istifadə etməklə işlərini günün tələbləri səviyyəsində qurmalıdırlar.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli kursu müvəffəqiyyətlə bitirənləri təbrik edib, uğurlar arzulayıb. Bildirilib ki, kitabxana işi ilə əlaqədar təşkil olunan kursu bu sahədə təcrübəsi olan mütəxəssislər tədris ediblər. Kitabxana işinin elmi əsaslarla idarə edilməsi, təşkili, kitabxanalarda, oxu zallarında oxuculara göstərilən yüksək xidmət, kitab işləmə, kitab fondlarının quruluşu, məlumat biblioqrafiya işlərinin təşkili, ümumiyyətlə kitabxana işi ilə əlaqədar bütün mövzular kursda tədris olunub.
O.Həsənli diqqətə çatdırıb ki, imtahanlardan keçə bilməyən kitabxanaçılar yenidən kurslarda iştirak etməklə imtahan verib sertifikat ala bilərlər. Çünki belə kursların təşkili davam etdiriləcək.
Sonda kursu müvəffəqiyyətlə başa vuran 23 kitabxanaçıya sertifikatlar təqdim olunub.