REGİONLAR
Naxçıvanda könüllü qanvermə aksiyaları keçirilir
Culfa, 8 dekabr, AZƏRTAC
Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin təşkilatçılığı ilə Culfa Rayon Mərkəzi Xəstəxanasında irsi qan xəstəliklərindən əziyyət çəkən və qan köçürülməsinə ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə edilmək üçün qanvermə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə mərkəzin qan bankının həkimi Məmmədəli Həsənov ölkəmizdə qan köçürülməsinə ehtiyacı olan xəstələrin müalicəsinə göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən layihələrdən danışıb. Qeyd edib ki, müasir təbabətdə həkimlərin əlində çoxlu müalicə vasitələri olmasına baxmayaraq, ən ağır vəziyyətlərdə xəstələrin həyatlarının xilas edilməsi üçün əvəzsiz rol oynayan dərman donor qanıdır. Hemofiliya və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olması çox vacibdir və bu, donor qanına tələbatı artırır. Müxtəlif travma və yaralanmalar, mürəkkəb cərrahi əməliyyatlar və doğuşlar zamanı qan itirmələrdə, xroniki qanazlığında, qanın irsi və qazanılmış xəstəliklərində, onkoloji xəstəliklərdə, daxili orqanların müxtəlif xəstəliklərində qandan və ya qandan hazırlanmış preparatlardan geniş istifadə olunur. Qandan belə geniş istifadə edilməsi ona tələbatı da artırır. Bununla əlaqədar olan məsələlərin həllində qan donorluğunun, xüsusən təmənnasız donorluğun böyük əhəmiyyəti var. Xalqımızın donorluğa göstərdiyi rəğbət, insanpərvərlik, xeyirxahlıq və humanizm, həmrəylik bu işin təşkilinə böyük kömək edir. Muxtar respublikada da bu istiqamətdə tədbirlər ardıcıl olaraq həyata keçirilir.
Sonra xəstəxananın kollektivi “Sən də bir həyat ver” devizi altında könüllü qanvermə aksiyasına qoşulub. Əvvəlcə donorlardan arterial təzyiq, hepatit, QİÇS və digər yoluxucu xəstəliklərin müəyyən edilməsi üçün qan analizləri götürülərək testdən keçirilib.
Bir neçə saat davam edən aksiyada 33 nəfər könüllü olaraq qan verib. Donorlardan götürülən qanın qrupları müəyyənləşdirilərək mərkəzin qan bankına təhvil verilib. Hazırda qan bankında xəstələrə köçürülmək üçün kifayət qədər ehtiyat yaradılıb. Tələbatdan artıq donor qanından plazma hazırlanaraq qan bankında saxlanılacaq.