REGİONLAR
Naxçıvanda məktəb kitabxanalarının fəaliyyəti müzakirə olunub
Naxçıvan, 3 noyabr, AZƏRTAC
Muxtar respublikadakı təhsil ocaqlarında şagird, tələbə və müdavimlərin kitabxanalara cəlbi istiqamətində ardıcıl iş aparılır. Məktəblərarası və siniflərarası bədii qiraət günləri, kitab müzakirələri, viktorinalar və kitabxana günləri keçirilir.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Məktəb kitabxanalarının fəaliyyətinin gücləndirilməsi” mövzusunda keçirilən konfransda bu barədə danışılıb, məktəb kitabxanalarının fəaliyyəti müzakirə olunub.
Muxtar respublikanın təhsil naziri Məmməd Qəribov mövzu ilə bağlı məruzəsində qeyd edib ki, 2005-ci ildən indiyədək ümumtəhsil məktəblərinə 2 milyon 354 min 711 nüsxə dərslik verilib. Bunların 202 min 468 nüsxəsi bu ilin avqust-sentyabr aylarında gətirilib. Hazırda müəllim və şagirdlərin ixtiyarında 627 min 643 nüsxə latın qrafikası ilə çap olunmuş bədii ədəbiyyat, jurnal və məcmuə var.
Kitabxanaların təlim-tərbiyə prosesində iştirakının əhəmiyyətini vurğulayan təhsil naziri bildirib ki, məktəb kitabxanalarında yeni daxil olmuş ədəbiyyatlar haqqında oxuculara davamlı məlumat verilməsi üçün sərgi təşkil edilməli və ya həmin ədəbiyyata dair bülleten hazırlanmalıdır. Təhsil müəssisələrinin kitabxanalarında iş planlarının hazırlanması, ədəbi-bədii tədbirlərin, kitabxana günlərinin və kitab müzakirələrinin keçirilməsi sahəsində görülən işlər sistemli şəkildə davam etdirilməlidir.
Sonra məruzə ətrafında çıxışlar olub.