REGİONLAR
Naxçıvanda melioratorlar yaz suvarma mövsümünə hazırlaşırlar
Naxçıvan, 16 fevral, AZƏRTAC
Bu ilin yaz suvarma mövsümünü mütəşəkkil təşkil etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi tərəfindən bir sıra tədbirlər həyata keçirilib. Belə ki, su anbarlarına suyun yığılmasına başlanılıb, nasos stansiyalarında, kanallarda, hidrotexniki qurğularda təmir işi aparılıb.
Komitədən AZƏRTAC-a bildirilib ki, ötən ay 18 kilometr magistral kanal, 20 kilometr ara arxları və 4 kilometr kollektor lildən təmizlənib. Yaşayış məntəqələrini və əkin sahələrini sel sularının zərərli təsirindən qorumaq məqsədilə 2 kilometrdən artıq istiqamətləndirici bənd tikilib.
Kəhrizlərin təmir-bərpası bu il də davam etdirilib, Ordubad rayonunun Aşağı Əylis kəndindəki “Bazar çeşməsi” kəhrizinin təmiri başa çatdırılıb. Bu dövrdə 36 subartezian quyusu təmir olunub. Yaz suvarma mövsümünə hazırlıqla əlaqədar təmirə ehtiyacı olan maşın-mexanizmlər, mexaniki və elektrik avadanlıqları da təmir olunaraq işlək vəziyyətə gətirilib.
Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı çərçivəsində Naxçıvan şəhərində çirkab sutəmizləyici qurğunun tikintisi davam edir. Layihə çərçivəsində Babək rayonunun Şıxmahmud kəndində 600 ədəd su sayğacı quraşdırılıb.