REGİONLAR
Naxçıvanda nağdsız ödənişlərin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb
Naxçıvan, 2 dekabr, AZƏRTAC
Nağdsız əməliyyatların genişləndirilməsi tədbirləri çərçivəsində bu il noyabrın 1-nə olan məlumata görə, muxtar respublika ərazisində 549-u Naxçıvan şəhərində, 632-si rayon və kənd mərkəzlərində olmaqla, 1181 ədəd POS-terminal quraşdırılıb.
AZƏRTAC xəbər verir ki, bu faktlar Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi və muxtar respublika Vergilər Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Texniki Kollecində nağdsız ödənişlərin əhəmiyyətinə həsr olunmuş maarifləndirici seminarda səsləndirilib.
Seminarda kollecin müəllim və tələbələri iştirak edib. Kollecin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanov çıxış edərək nağdsız ödənişlərin genişləndirilməsinin əhəmiyyətindən danışıb, vətəndaşların rahat şəkildə nağdsız ödəniş etmələri üçün yaradılmış müasir infrastrukturdan bəhs edib.
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin iqtisadi təhlil və statistika şöbəsinin rəisi Tural Şirəlizadə nağdsız ödənişlərin mahiyyəti və nağdsız əməliyyatların həcmindəki artımı şərtləndirən amillər barədə məlumat verib, bu sahənin inkişaf etdirilməsi istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilən işlər, əldə olunan nəticələr və bunun muxtar respublika iqtisadiyyatı üçün önəmindən bəhs edib. Tural Şirəlizadə iştirakçıları, həmçinin bankların təklif etdiyi elektron bank xidmətləri, bu xidmətlərin əldə olunması və istifadəsinin ictimai faydaları haqqında məlumatlandırıb.
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi Zahid Qənbərov “Nağdsız ödəniş üsullarının vergi daxilolmalarındakı artıma təsiri və iqtisadi səmərəliliyi” mövzusunda çıxış edib. Bildirilib ki, 2014-cü ildən başlayaraq nazirlik tərəfindən nağdsız ödənişlərin həcminin artırılması məqsədilə hər altı ayda bir “Nağdsız ödəyin, hədiyyə qazanın” adlı həvəsləndirici kampaniya keçirilir. Bu tədbirlər çərçivəsində ötən dövrdə nağdsız hesablaşma üsullarından (POS-terminal, bankomat və internet resurslardan) istifadə edərək ödəniş aparmaqda aktivlik göstərən 842 vətəndaşa 55 min manat dəyərində hədiyyələr təqdim edilib.
Tədbirdə internet üzərindən ödənişlərin aparılmasından, POS-terminallardan istifadə qaydalarından, nağdsız ödənişlərin üstünlüklərindən ətraflı bəhs olunub.
Sonra iştirakçılara sorğu-anket vərəqələri paylanılıb və onları maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.