REGİONLAR
Naxçıvanda növbəti açıq ürək əməliyyatları aparılıb
Naxçıvan, 4 mart, AZƏRTAC
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanası Ürək-damar xəstəlikləri şöbəsinin həkim briqadası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə mart ayının ilk günlərində Naxçıvana gələrək Diaqnostika-Müalicə Mərkəzində növbəti açıq ürək əməliyyatları aparıb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yerli həkimlər tərəfindən müayinə olunaraq qeydiyyata götürülən və əməliyyatı planlaşdırılan xəstələr üzərində 6 açıq ürək-aortakoronar şuntlama əməliyyatı həyata keçirilib. Bundan başqa, anadangəlmə ürək qüsuru olan 2 uşaq üzərində mədəciklər və qulaqcıqlararası defektlər aradan qaldırılıb. Kardiocərrahlardan Seymur Musayevin, Fərid Hüseynovun, reanimatoloq-anestezioloq və əməliyyat tibb bacılarının təmsil olunduğu heyət xəstələri müxtəlif kardioloji müayinələrdən keçirib, onlarda müşahidə olunan gizli ürək xəstəlikləri və risk amillərini araşdıraraq tibbi məsləhət və tövsiyələr verib.
Cərrahi əməliyyatlarda Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin kardiovaskulyar cərrahı İntiqam Fətullayev, anestezioloq-reanimatoloq Şahin Mazanov, reanimasiya, anesteziologiya və əməliyyat tibb bacıları da yaxından iştirak ediblər.
Qeyd edək ki, Mərkəzi Neftçilər Xəstəxanası Ürək-damar xəstəlikləri şöbəsinin həkim briqadası 2014-cü ildə 4 dəfə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində olub, 80 nəfərdə EXO müayinə, 54 nəfərdə angioqrafiya, 43 nəfərdə açıq ürək əməliyyatı, 1 nəfərdə periferik damar əməliyyatı aparıb. Bu il yanvar ayında 15 müayinə, 7 açıq ürək, fevral ayında isə 10 açıq ürək əməliyyatı keçirilib.