REGİONLAR


Naxçıvanda növbəti çimərlik mövsümü açılıb

Naxçıvan, 16 iyun, AZƏRTAC

Naxçıvan şəhərində insanların istirahətinin səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Naxçıvan şəhər çimərliyi də bu sahədə həyata keçirilən tədbirlərin davamı kimi mühüm əhəmiyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, bu fikir Naxçıvan şəhər çimərliyində çimərlik mövsümünün başlanması münasibətilə keçirilən tədbirdə səsləndirilib.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov tədbirdə çıxış edərək deyib ki, yeni mövsümə başlayan çimərlikdə yüksək səviyyəli istirahət və xidmət şəraiti yaradılıb. Burada restoran və digər xidmət sahələri fəaliyyət göstərir. Bu da isti yay günlərində sakinlərin və şəhərə gələn qonaqların istirahətinin səmərəli təşkilinə imkan verəcək.

Sonra Naxçıvan Muxtar Respublikası fövqəladə hallar naziri, general-leytenant Şamı Abdullayev yeni mövsümdə Naxçıvan şəhər çimərliyində həyata keçirilən tədbirlər barədə məlumat verib, burada göstəriləcək təhlükəsizlik xidmətlərindən danışıb.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi əvəzi, polkovnik-leytenant Azadil Hüseynov qeyd edib ki, çimərliyin ümumi sahəsi 14 min 850 kvadratmetrdir. Böyüklər və uşaqlar üçün nəzərdə tutulan çimərlik iki hissədən ibarətdir. Uşaqlar üçün çimərliyin uzunluğu 30 metr, eni 15 metr, dərinliyi isə 70-120 santimetrdir. Böyüklər üçün çimərliyin uzunluğu isə 255 metr, eni 20 metr, dərinliyi isə 2-4 metrdir. Suyun üzərində çimərlik sərhədinin qurtardığını bildirən qadağanedici nişanlar qoyulub. Ərazidə insanların istirahət etməsi üçün lazımi şərait yaradılıb. Çimərlik istirahət zonasında su və digər idman növləri üzrə yarışların, eləcə də gənclərin iştirakı ilə müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait var. Burada təhlükəsizlik tədbirləri də diqqətdə saxlanılır. Bu məqsədlə müşahidə qülləsi yaradılıb, ərazidə xəbərdaredici və məlumatlandırıcı lövhələr vurulub.

Çimərlik səhər saat 11:00-dan axşam saat 20:00-dək açıq olacaq. Naxçıvan şəhərindən çimərliyə və əks istiqamətə avtobus xidməti də göstəriləcək.

Naxçıvan Muxtar Respublikasında şəhər infrastrukturunun inkişafı ilə yanaşı, insanların sağlamlığının qorunması və istirahətinin səmərəli təşkili də diqqət mərkəzində saxlanılır. 2014-cü ilin iyul ayında Uzunoba Su Anbarında yeni çimərliyin istifadəyə verilməsi bu sahədə həyata keçirilən tədbirlərin davamı olmaqla bərabər, həm də insan amilinə verilən qiymətin daha bir ifadəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.