SİYASƏT
Naxçıvanda növbəti iməciliklər keçirilib
Naxçıvan, 26 noyabr, AZƏRTAC
Təbiətin keşiyində durmaq, onu qorumaq hər kəsin müqəddəs borcudur. Bu gün muxtar respublikada ətraf mühitin mühafizəsi, insanların sağlam ekoloji mühitdə yaşaması və yaşıllıqların genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Hər il muxtar respublikada yüz hektarlarla yeni yaşıllıq zolaqları, meyvə bağları salınır. Bu tədbirlər ekoloji tarazlığı qorumaqla yanaşı, həm də meyvəçiliyin inkişafında mühüm əhəmiyyətə malikdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 26-da Naxçıvan Muxtar Respublikasında növbəti iməcilik keçirilib, müxtəlif meyvə və üzüm tingləri əkilib, meyvə bağlarına aqrotexniki qulluq göstərilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollektivləri Babək rayonunun Nəzərabad kəndi yaxınlığındakı 14 hektarlıq meyvə bağında keçirilən iməcilikdə iştirak ediblər. Ötən iməciliklər dövründə ərazidə 10 minə yaxın müxtəlif meyvə, eləcə də üzüm tingləri əkilib. Hər il bağdan bol məhsul götürülür. Payız iməcilikləri dövründə meyvə bağında 1400 üzüm tingi əkilib. İməcilik iştirakçıları meyvə bağına aqrotexniki qulluq göstərib, ərazidə bərpa əkini aparıblar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak edib, gələcəkdə ərazidə üzüm əkininin davam etdirilməsi barədə tapşırıq verib.