REGİONLAR
Naxçıvanda orta tibb işçilərinin sertifikasiya imtahanı keçirilib
Naxçıvan, 23 noyabr, AZƏRTAC
Muxtar respublikada praktiki tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi davam etdirilir. Naxçıvan Muxtar Respublika Xəstəxanasının elektron zalında keçirilən sertifikasiya imtahanlarının növbəti mərhələsində muxtar respublikanın səhiyyə müəssisələrində çalışan orta tibb işçiləri bilik və bacarıqlarını sınayıblar.
AZƏRTAC xəbər verir ki, muxtar respublikanın səhiyyə sistemində sertifikasiya imtahanları bu il xüsusi kompüter proqramı ilə aparılır. Proqrama uyğun olaraq iştirakçı ümumi sual bankından 2 müxtəlif variantda 60 test sualını və 5 klinik tapşırıq sualını seçir. Bu, imtahanların aşkarlıq və şəffaflıq şəraitində keçirilməsini təmin edir. Mərkəzləşdirilmiş qaydada, obyektiv və şəffaf keçirilən sertifikasiya tibb işçilərinin öz üzərlərində çalışmasına, tibb peşəsinin məsuliyyətini daha dərindən dərk etməsinə imkan yaradır.
İmtahanlara cəlb olunan 92 tibb bacısından 83 nəfəri növbəti mərhələdə iştirak edib. Sualların test hissəsi üzrə 40 və ya daha çox, klinik tapşırıq hissəsi üzrə isə 16 və ya daha çox bal toplamış 55 orta tibb işçisi sertifikasiyadan keçərək, 5 il müddətində müvafiq ixtisas üzrə praktiki tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edib. 28 nəfər isə zəruri həddi keçə bilməyib.
Sertifikatlaşdırma imtahanlarında uğurlu nəticə əldə edə bilməyən orta tibb işçiləri ixtisaslarına uyğun hazırlıq kurslarına cəlb olunacaqlar. Onlar altı ay müddətində iş yerləri saxlanılmaqla müvafiq peşə hazırlığı keçəcək, sonra yenidən sertifikatlaşdırma imtahanlarında iştirak edəcəklər.