REGİONLAR


Naxçıvanda payız-qış mövsümündə flora və faunanın qorunmasına diqqət artırılır

A+ A

Naxçıvan, 31 avqust, AZƏRTAC

Qarşıdakı aylarda Naxçıvan Muxtar Respublikasında, xüsusilə dağlıq və meşə fondu ərazilərində toxumla əkin işlərinin aparılmasına üstünlük veriləcək, bitki və heyvanat aləminin qorunmasına diqqət daha da artırılacaq.

AZƏRTAC xəbər verir ki, muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə bu məsələ də müzakirə olunub.

Müşavirədə çıxış edən ekologiya və təbii sərvətlər naziri Hafiz Yaqubov bildirilib ki, avqustun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2016-2017-ci ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də bir sıra tapşırıqlar verilib.

Qeyd olunub ki, nazirliyin İstehsalın təşkili, planlaşdırılması və geologiya şöbəsi, Meşə Təsərrüfatı İdarəsi, Meşəsalma və Meşə Tingçiliyi Müəssisəsi tərəfindən 2016-cı ilin payız mövsümündə həyata keçiriləcək əkin və əkin-bərpa, yaşıllaşdırma və yeni meyvə bağlarının salınması işlərinin mütəşəkkil keçirilməsi üçün müvafiq ərazilərin sxem-planları hazırlanmalı, ting ehtiyatı yaradılmalı, torpaq hazırlığı işləri aparılmalıdır.

Muxtar respublika ərazisində qış mövsümünün sərt şaxtalarla müşayiət olunduğunu deyən nazir bildirib ki, bu, iqlim şəraiti haqqında vaxtında və dəqiq məlumatlara tələbatı artırır. Əlaqədar dövlət orqanlarının, vətəndaşların hidrometeoroloji, aqrometeoroloji məlumatlarla təmin edilməsi üçün nazirliyin bioloji mühit və təbii sərvətlərdən istifadənin təşkili şöbəsi və Hidrometeorologiya İdarəsi tərəfindən zəruri tədbirlər həyata keçirilməli, texniki avadanlıqlarla təchizat yaxşılaşdırılmalıdır.

Vurğulanıb ki, qış mövsümündə ərazilərin qarla örtülməsi heyvanat aləminin qida ehtiyatının azalmasına səbəb olur. Ona görə də hər il xüsusi mühafizə olunan təbiət ərazilərində və digər yerlərdə biotexniki tədbirlər həyata keçirilir, həmin ərazilərə zəruri qida məhsulları – buğda, arpa, qaba yem, tərəvəz məhsulları, daşduz və digər qidalar qoyulur. Bu ehtiyatların bir qismi nazirliyin təsərrüfat ərazilərindən toplanır və aidiyyəti idarələr tərəfindən tədarük edilir. Nazirliyin xüsusi mühafizə olunan təbiət əraziləri şöbəsi və aidiyyəti xüsusi mühafizə statuslu idarələr vaxtında qida ehtiyatı yaradılması üçün tədbirlər görəcəklər. Belə tədbirlərin yeni salınmış yaşıllıq sahələrində keçirilməsi də diqqətdə saxlanılacaq.

Sonra məruzə ətrafında çıxışlar olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.