REGİONLAR
Naxçıvanda qanvermə aksiyaları davam edir
Naxçıvan, 20 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi irsi qan xəstəliklərindən əziyyət çəkən və qan köçürülməsinə ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunmaq üçün qanvermə aksiyalarının təşkilini davam etdirir. Belə humanitar aksiyalardan biri Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının iştirakı ilə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində keçirilib.
AZƏRTAC xəbər verir ki, donorların müayinəsini və qan götürülməsini həyata keçirən qan bankının həkimi Məmmədəli Həsənov ölkəmizdə qan köçürülməsinə ehtiyacı olan xəstələrin müalicəsinə göstərilən dövlət qayğısından, bu sahədə reallaşdırılan layihələrdən danışıb. Bildirib ki, müasir təbabətdə həkimlərin əlində çoxlu müalicə vasitələri olmasına baxmayaraq, ən ağır vəziyyətlərdə xəstələrin həyatlarının xilas edilməsi üçün əvəzsiz rol oynayan canlı dərman donor qanıdır. Hemofiliya və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olması çox vacibdir və donor qanına tələbatı artırır. Bu baxımdan muxtar respublikada qanvermə aksiyaları ardıcıl olaraq həyata keçirilir.
Sonra xidmətin əməkdaşları “Sən də bir həyat ver” devizi altında qanvermə aksiyasına qoşulublar. Əvvəlcə donorlar müayinə olunublar. Bir neçə saat davam edən aksiyada 33 nəfər könüllü qan verib. Donorlardan götürülən 16 litr qanın qrupları müəyyənləşdirilərək mərkəzin qan bankına təhvil verilib.
Hazırda qan bankında xəstələrə köçürülmək üçün kifayət qədər ehtiyat yaradılıb.