REGİONLAR
Naxçıvanda rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
Naxçıvan, 28 yanvar, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən “Şəhidlər unudulmaz, hər zaman anılar” adlı rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, rəsm müsabiqəsi Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Əvvəlcə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin baş fond mühafizəçisi Nizami Alıyev, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Nicat Babayev, “Naxçıvan” Universitetinin prorektoru Əli Yusifov və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü Eldar Zeynalov çıxış ediblər. Qeyd olunub ki, müsabiqənin keçirilməsində məqsəd gənclərə vətənpərvərlik və vətəndaşlıq hisslərinin aşılanmasından ibarətdir.
Müsabiqənin yekun nəticəsinə görə, ali təhsil müəssisələri üzrə Naxçıvan Dövlət Universitetinin tələbələri İsmayıl İsmayıllı I yerə, Çimnaz Gözəlova II yerə, Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Gülşad Quliyeva isə III yerə layiq görülüblər. Orta ixtisas təhsili müəssisələri üzrə Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri Axtər Sadiqova I yeri, Könül Mərdanova II yeri, Naxçıvan Tibb Kollecinin tələbəsi Aysun Rzayeva isə III yeri tutub.
Sonra müsabiqənin qaliblərinə təşkilatçılar tərəfindən fəxri fərman, diplom və qiymətli hədiyyələr təqdim olunub.