REGİONLAR


Naxçıvanda rəssam Sabir Məmmədovun “Boyaların suda rəqsi” adlı fərdi sərgisi açılıb

Naxçıvan, 20 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda rəssam Sabir Məmmədovun “Boyaların suda rəqsi” adlı fərdi sərgisi açılıb. Sərgidə rəssamın portret, natürmort, mənzərə janrlarında 80-ə yaxın əsəri nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, sərginin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Rəssamı Ülviyyə Həmzəyeva bu gün muxtar respublikada rəssamlığın və təsviri sənətin inkişafı sahəsində ardıcıl tədbirlər görüldüyünü bildirib. Ülviyyə Həmzəyeva yeni nəsil rəssamların yetişməsi, rəssamlıq sənətinin tədrisi üçün hərtərəfli şərait yaradıldığını, bu sahədə çalışanların yaradıcılıq imkanlarının artırıldığını, onlara diqqət və qayğı göstərildiyini qeyd edib. O, bu gün rəssam Sabir Məmmədovun fərdi sərgisinin keçirilməsinin rəssamlara göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu bildirib.

Vurğulanıb ki, Sabir Məmmədovun əsərlərində daha çox millilik duyğuları qabarıq şəkildə özünü büruzə verir, rəssam doğma yurdunu rəsm əsərlərində canlandırır. Rəssamın yaradıcılığında sulu, yağlı boya, dəmir üzərində döymə xüsusi yer tutur. Onun ərsəyə gətirdiyi əsərlər mövzu və tematika baxımından zəngin və rəngarəngdir. Sabir Məmmədovun yaradıcılığında ciddi tarixi süjet xətti ilə işlənmiş əsərlərə rast gəlmək olar. Onun bəlkə də xarakterindən irəli gələn sərtlik dəmir üzərinə, yumşaqlıq isə sulu boyaya hopur ki, bunu da əsərlərində aydın şəkildə görmək mümkündür. Rəssamın əsərlərində Naxçıvan diyarına vurğunluq, insanlığa sevgi, maraqlı formalara fərqli yanaşma aşkar hiss olunur. Sabir Məmmədovun təsviri sənətdə özünəməxsus dəst-xətti və böyük rolu var. İllərdən bəri yaşadığı məkanı bir çox ölkələrdə layiqincə təmsil edən rəssama dövlətimiz tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək bildirib ki, muxtar respublikada rəssamlıq və təsviri incəsənətin inkişafına xüsusi diqqət yetirilir. Bu diqqət və qayğının nəticəsidir ki, Bəhruz Kəngərlinin xatirəsini əbədiləşdirmək məqsədilə Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyi fəaliyyətə başlayıb, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin yeni inzibati binası və Bəhruz Kəngərli adına Sərgi Salonu rəssamların ixtiyarına verilib, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Rəssamlar Parkının yaradılması haqqında” 2015-ci il noyabrın 14-də imzaladığı Sərəncama əsasən Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkı yaradılıb, rəssamın abidəsi ucaldılıb. Bundan başqa, Naxçıvan Dövlət Universitetində və Naxçıvan Müəllimlər İnstitutunda müvafiq ixtisaslar açılıb, məktəbəqədər tərbiyə müəssisələrində rəsm dərnəkləri yaradılıb ki, bunlar da gənc rəssamların hazırlanmasında mühüm rol oynayır. Rəssamlar emalatxanalarla təmin olunub, onların albom-kataloqları nəşr edilib. Muxtar respublikada rəssamlar üçün yaradılan şəraitin nəticəsidir ki, onlar yaradıcılıq imkanlarını daha da genişləndirir, fərdi sərgilər təşkil etməklə yanaşı, beynəlxalq festival və müsabiqələrdə də iştirak edirlər.

Sabir Məmmədovun özünəməxsus yaradıcılıq potensialı olduğunu qeyd edən Rəhman Məmmədov bildirib ki, rəssamın yaradıcılığı, müxtəlif janrlarda çəkdiyi əsərlər onun ecazkar sənət dünyasından xəbər verir. Bu gün sərgilənən rəsm əsərlərində Naxçıvan Muxtar Respublikasının tarixi abidələri, təbiəti, mədəniyyəti, eləcə də görkəmli şəxsiyyətlərinin portretləri dolğun əks olunub.

Mərasimdə çıxış edən Xalq Rəssamı Hüseynqulu Əliyev Sabir Məmmədovun yaradıcılığının xüsusiyyətləri barədə danışıb, sərgi münasibətilə rəssamı təbrik edib, ona yeni-yeni uğurlar arzulayıb.

Sonra sərgiyə gələnlər Sabir Məmmədovun əsərləri ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.