REGİONLAR
Naxçıvanda şagirdlərə məktəbli ləvazimatları verilib
Naxçıvan, 3 sentyabr, AZƏRTAC
Yeni dərs ili ərəfəsində Naxçıvan Muxtar Respublikasının Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məktəblilərə geyim forması, məktəbli çantası və dərs ləvazimatları təqdim olunub.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində təşkil olunan tədbiri giriş sözü ilə təhsil naziri Piri Nağıyev açaraq humanitar aksiyanın mahiyyətindən danışıb.
Muxtar respublika əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək şagirdləri qarşıdan gələn Bilik Günü münasibətilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıblar.
Sonda aztəminatlı, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş məktəbli uşaqlara və sağlamlıq imkanları məhdud şagirdlərə məktəbli geyim forması, məktəbli çantası və dərs ləvazimatları verilib.
Tədbirdə iştirak edən sağlamlıq imkanları məhdud uşaqların valideynləri göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildiriblər.
Muxtar respublikanın Təhsil Nazirliyi hər iki valideynini itirmiş 32, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sağlamlıq imkanları məhdud 257 şagirdi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi isə aztəminatlı ailələrdən olan və ya hər iki valideynini itirmiş 76 uşağı sevindirib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il dekabrın 18-də imzaladığı Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”na əsasən, hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən ümumtəhsil müəssisələrinə gedə bilmədikləri üçün distant tədrisə cəlb olunmuş sağlamlıq imkanları məhdud 22 uşağa məktəbli ləvazimatları evlərində təqdim edilib.