REGİONLAR
Naxçıvanda şagirdlərin təhsili üçün yaradılan yüksək şərait uğurları daha da artırmağa imkan verir
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Hüseyn Məmmədyarov qeyd edib ki, 2013-2014-cü tədris ilində Naxçıvan şəhərinin tam orta məktəblərində 8 min 643 şagird oxuyub, onların təlim-tərbiyəsi ilə 1630 müəllim məşğul olub.
Bildirilib ki, bu gün Naxçıvan şəhər məktəblilərinin hər 12 nəfərinə bir kompyuter dəsti düşür. Müəllim və şagirdlərin ixtiyarında 62 elektron lövhə var. Dərslərin elektronlaşdırılması, ağıllı lövhədən istifadə, müasir dərsə verilən üstünlüklərin tətbiqi şagirdlərin hərtərəfli biliklərə yiyələnməsində mühüm vasitədir. Həyata keçirilən belə tədbirlərin nəticəsidir ki, ali və orta ixtisas təhsili məktəblərinə qəbulun həm kəmiyyət, həm də keyfiyyət faizi ilbəil artır.
Təhsil şöbəsinin müdiri diqqətə çatdırıb ki, ötən tədris ili ərzində şagirdlərin təlim-tərbiyəsinin yüksəldilməsi ilə bərabər, onların vətənpərvər ruhda böyümələri, doğma Vətənə məhəbbət, ulu öndər Heydər Əliyev irsinə sədaqət ruhunda tərbiyə olunmaları üçün məqsədyönlü tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılıb. İlboyu ümummilli liderimiz Heydər Əliyev ilə bağlı silsilə tədbirlərin keçirilməsinə böyük önəm verilib. Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ilə əlaqədar keçirilən müxtəlif səpkili tədbirlər şagirdlərimizdə Naxçıvan haqqında geniş biliklərin formalaşmasında, doğma torpağa bağlılıq hisslərinin artırılmasında mühüm əhəmiyyət kəsb edib. Dəfələrlə bilik və idman yarışları, elmi-praktik konfranslar, “dəyirmi masa”lar keçirilib, şagirdlərin Heydər Əliyev Muzeyində, Naxçıvanşünaslıq Mərkəzində, Naxçıvan şəhərində fəaliyyət göstərən digər muzeylərdə olmaları diqqətdə saxlanılıb.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikasında təhsil sistemi dinamik inkişaf yolundadır. Son illər muxtar respublikada 56 min 926 şagird yerlik 142 orta məktəb binasının tikilməsi və ya yenidən qurulması bunun ifadəsidir. Yeni məktəb binalarından 13 min 670 şagird yerlik olmaqla, 15-i Naxçıvan şəhərinin payına düşüb.
Qeyd olundu ki, Naxçıvan şəhərinin ümumtəhsil məktəblərinə 654 kompyuter dəsti verilib. Kompüterlərin 80 faizdən çoxu internetə qoşulub. Şagirdlərin yüksək təhsil almaları üçün yaradılan şərait uğurları daha da artırmağa imkan verir.
Sonra məktəblilər ulu öndər Heydər Əliyevə, dövlətçiliyimizə, müstəqilliyimizə həsr olunmuş şeirlər səsləndiriblər.