REGİONLAR
Naxçıvanda şahmat müəllimləri üçün seminar təşkil olunub
Naxçıvan, 22 fevral, AZƏRTAC
Naxçıvan Şahmat Mərkəzində məktəblərdə şahmat fənnini tədris edən müəllimlər üçün seminar-məşğələ təşkil olunub.
AZƏRTAC xəbər verir ki, seminarı Bakı şəhərindən dəvət olunan beynəlxalq dərəcəli qrossmeyster Azər Mirzəyev aparır.
Azər Mirzəyev seminar iştirakçılarına şahmatın yaranma tarixi, ölkəmizdə bu idman növünün inkişafı və uşaqlar arasında təbliği yönündə görülən işlər barədə məlumat verib. Bununla yanaşı, beynəlxalq dərəcəli qrossmeyster biliklərini şahmat taxtasında məşğələ iştirakçıları ilə bölüşüb.
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasından verilən məlumata görə, seminar-məşğələlər 7 gün davam edəcək.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə Şahmat Federasiyasının birgə təşkil etdiyi seminar yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” barədə keçirilən müşavirədə verilmiş tapşırıqlara əsasən reallaşıb.