REGİONLAR
Naxçıvanda şahmatçılar arasında muxtar respublika birinciliyi başa çatıb
Naxçıvan, 30 aprel, AZƏRTAC
Naxçıvan Şahmat Mərkəzində “Naxçıvan Open-2016” Beynəlxalq Şahmat Festivalına hazırlıq məqsədilə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən 12 yaşlı şahmatçılar arasında Naxçıvan Muxtar Respublika birinciliyinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, iki gün davam edən birincilikdə Naxçıvan şəhərinin və muxtar respublikanın rayonlarının 8 komandası mübarizə aparıb. Hər komandanın tərkibində 4 oğlan və 2 qız olmaqla, yarışda, ümumilikdə, 48 zəka sahibi qüvvəsini sınayıb.
Birinciliyin son günündə şahmatçılar Naxçıvan şəhərində yerləşən tarixi abidələrlə tanış olublar.
Dairəvi sistem üzrə keçirilən yarışın yekun nəticəsinə əsasən, “Naxçıvan” komandası qalib adını qazanıb. Digər iki pillədə isə Şərur və Ordubad şahmatçıları qərarlaşıblar.
Sonda qaliblər mükafatlandırılıb. Mükafatları Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Vüqar Səfərov və təhsil naziri Məmməd Qəribov təqdim ediblər.