REGİONLAR


Naxçıvanda şəhərdaxili marşrutlarda işləyən avtobuslara və taksilərə GPS quraşdırılır

Naxçıvan, 2 avqust, AZƏRTAC

Muxtar respublikada avtonəqliyyat vasitələri və təhlükəsiz sərnişin daşınması, marşrut qrafikinə nəzarət olunması məqsədilə yeni texnologiyaların istifadəsinə başlanılıb. Hazırda Naxçıvanda şəhərdaxili marşrutlarda işləyən avtobuslara və taksilərə GPS-lərin (məkan təyinetmə sistemi) quraşdırılması işləri davam etdirilir. Ümumilikdə, bu günə qədər 44 avtonəqliyyat vasitəsinə bu sistem quraşdırılıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyində keçirilən 2017-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında nəqliyyat naziri Mirsənani Seyidov deyib.

Nazir bildirib ki, ötən müddətdə muxtar respublikada nəqliyyat sektorunun inkişafı ilə bağlı verilmiş tapşırıqlarla əlaqədar qarşıda duran vəzifələr müəyyən olunub, onların həyata keçirilməsi istiqamətində səylər artırılıb. Xidmətin keyfiyyətinin artırılması məqsədilə ayda bir dəfə Naxçıvan Avtobus Parkında sərnişin daşımalarını yerinə yetirən sürücülərin və bu sahədə fəaliyyət göstərən sahibkarların iştirakı ilə ikigünlük seminar-müşavirələr təşkil edilib.

“Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il sentyabrın 1-də imzaladığı Fərmanın icrası istiqamətində ötən altı ayda nəqliyyata aid qanunvericilik aktlarının əhali arasında təbliğatı aparılıb, daşımalarla məşğul olan hüquqi və fiziki şəxslərin maarifləndirilməsi işi genişləndirilib, daha müasir, beynəlxalq standartlara cavab verən avtobuslar alınaraq istifadəyə verilib.

Qeyd edilib ki, ötən dövrdə nəqliyyat sahəsində beynəlxalq əməkdaşlıq daha da genişləndirilib. Türkiyə Respublikasının “Metro” turizm şirkəti ilə bağlanmış müqaviləyə əsasən həmin ölkənin İqdır və Ərzurum şəhərlərinə və əks-istiqamətdə avtobus marşrutları açılıb. Türkiyə Respublikasının “Metro” turizm şirkəti ilə Naxçıvandan Türkiyənin müxtəlif şəhərlərinə, İran İslam Respublikasının “RaPeySaba” şirkəti ilə Naxçıvan-Urmiya istiqamətində, “Didari Seyri Giti” şirkəti ilə Naxçıvan-Təbriz-Tehran, habelə “TondPoyan” şirkəti ilə Naxçıvan-Bakı istiqamətində sərnişindaşıma xidməti göstərmək üçün müqavilələr bağlanılıb.

Hesabat dövründə muxtar respublikadakı avtovağzalların fəaliyyəti də diqqət mərkəzində saxlanılıb. Avtovağzallara baxış təşkil olunub, növbəti müddətdə görüləcək işlər müəyyənləşdirilib. Ötən il Naxçıvan Muxtar Respublikası Ali Məclisində turizmin inkişaf etdirilməsi və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə verilən tapşırıqların icrası davam etdirilib, taksi fəaliyyəti göstərən sürücülərin hər ay dörd dəfə qrup şəklində muzey ekskursiyaları təşkil olunub.

Nəqliyyat naziri onu da diqqətə çatdırıb ki, qanunsuz sahibkarlıqla məşğul olan avtonəqliyyat vasitələrinin müəyyən edilməsi üçün reydlər keçirilib. 24 nəfərlə yük və sərnişindaşıma fəaliyyətinə icazə verilməsi üçün müqavilə bağlanılıb, digərlərinin isə sənədləri cəza tədbiri görülməsi üçün müvafiq təşkilatlara göndərilib.

İclasda məruzə ətrafında çıxışlar olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.