REGİONLAR
Naxçıvanda səhiyyə sistemi təkmilləşib, tibbi xidmətin əhatə dairəsi genişlənib
Naxçıvan, 3 iyul, AZƏRTAC
Naxçıvanın səhiyyə sistemində tibbi xidmətin əhatə dairəsinin genişləndirilməsi, vətəndaşların keyfiyyətli tibbi xidmətlə əhatə olunması ötən ayda da diqqət mərkəzində saxlanılıb, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilib.
Muxtar respublikanın Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Bakı şəhərində fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikaya gətirilməsi və aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinəsinin və cərrahi əməliyyatlarının təşkili ötən ay da davam etdirilib.
Obliqat qruplarının tibbi müayinələrinin gücləndirilməsi məqsədilə QİÇS-lə Mübarizə Mərkəzinin, Dəri-Zöhrəvi, Ağciyər Xəstəlikləri dispanserlərinin həkim, laborant və flüoroqraflarından ibarət səyyar briqada iyun ayında Sədərək, Kəngərli, Şahbuz rayon mərkəzi xəstəxanalarında və Naxçıvan Dövlət Universitetində olub. Tibb, ictimai iaşə, gözəllik salonu işçiləri yerində müayinə olunub. 589 nəfərdən qan nümunəsi götürülüb, hepatit B, C və QİÇS-ə görə müayinələr aparılıb, 304 nəfər isə flüoroqrafiya müayinəsindən keçirilib.
Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin həkimləri tərəfindən iyun ayı ərzində Ordubad rayonunun 6 kəndində təhsil müəssisələrində işləyən 74 nəfər qadında süd vəzinin profilaktik müayinəsi aparılıb. 7 nəfərdə patologiya aşkar edilib və onlar Onkoloji Mərkəzə dəvət olunublar.
40-45 yaşlıların dispanserizasiyası davam edir. İyun ayında 5157 nəfər müayinədən keçirilib, 387 nəfərdə xəstəlik aşkar olunaraq dispanser qeydiyyatına götürülüb.
Azərbaycan Milli Oftalmologiya Mərkəzinin oftalmoloqu tərəfindən Naxçıvan Muxtar Respublikası Göz Xəstəxanasında 21 nəfərdə müayinə aparılıb, 9 nəfərdə əməliyyat yerinə yetirilib.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat Mərkəzindən dializ olunan, xroniki böyrək çatışmazlığı olan xəstələr üçün dializ materialları və dərman preparatları, Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzindən Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzinə kimyəvi terapiya aparmaq üçün dərman preparatları gətirilib.