REGİONLAR


Naxçıvanda soyuducu anbarlara məhsul qəbulu davam edir

A+ A

Naxçıvan, 30 sentyabr, AZƏRTAC

Muxtar respublikada qış mövsümündə əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi, qiymətlərin tənzimlənməsi və idxaldan asılılığın azaldılması məqsədilə soyuducu аnbаrlаrа məhsul qəbulu davam etdirilir.

AZƏRTAC xəbər verir ki, bu il iyunun 1-dən sentyabrın 27-dək soyuducu anbarlara kənd təsərrüfatı üzrə ixtisaslaşmış sahibkarların fəaliyyətinin stimullaşdırılması məqsədilə tələbatdan artıq istehsal edilmiş, ümumilikdə, 2892,95 ton məhsul tədarük olunub. Bunun da 2319,24 tonu kartof, 312,16 tonu soğan, 220,0 tonu ərik, 31,93 tonu alma, 9,62 tonu sarımsaqdır. Tədarük edilmiş meyvə-tərəvəz məhsullarından 599,45 tonunun satışı həyata keçirilib.

Muxtar respublikada fəaliyyət göstərən kənd təsərrüfatı məhsulları istehsalçılarının tələbatdan artıq istehsal etdikləri meyvə və tərəvəz məhsullarını soyuducu anbarlar münasib qiymətlərlə qəbul edir.

Qeyd edək ki, muxtar respublikanın Sahibkarlığa Kömək Fondu vasitəsilə ayrılan güzəştli kreditlər və sahibkarların özlərinin şəxsi vəsaiti hesabına Naxçıvanda soyuducu və digər ərzaq məhsullarının saxlanması üçün yeni anbarlar inşa olunmaqdadır. Cari ilin ötən dövründə Şərur rayonundakı Cəlilkənddə fiziki şəxs Yaqub Tağıyev tərəfindən tutumu 500 ton olan, Çərçiboğan kəndində fiziki şəxs Sucəddin Seyidov tərəfindən tutumu 100 ton olan, Yuxarı Aralıq kəndində fiziki şəxs Füzuli Məhərrəmov tərəfindən tutumu 220 ton olan və fiziki şəxs Əhəd Camalov tərəfindən tutumu 180 ton olan, ümumilikdə, 1000 ton tutuma malik soyuducu anbarın yaradılması başa çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.