REGİONLAR
Naxçıvanda terras üsulu ilə yaşıllıqlar salınır
Naxçıvan, 19 iyul, AZƏRTAC
Naxçıvanın dağlıq ərazilərə malik olması burada terras üsulu ilə əkinlərin aparılmasını, yaşıllıqların salınmasını zəruri edib. Ümumilikdə, muxtar respublikada son 7 il ərzində 500 hektardan artıq ərazidə terras üsulu ilə əkinlər aparılıb.
AZƏRTAC xəbər verir ki, Uzunoba Su Anbarı ətrafında 5 təpəni əhatə edən terraslar yaradılıb. Ümumiyyətlə, bu il muxtar respublika ərazisində 500 hektar sahədə yaşıllaşdırma tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub. Bu işlərin bir hissəsi başa çatdırılaraq yaz əkini mövsümündə 230 hektar ərazidə yaşıllaşdırma işləri görülüb, hektarlarla yeni meyvə bağları salınıb. Yaşıllaşdırma tədbirləri “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq aparılır.
Ötən ildən Uzunoba Su Anbarı ətrafındakı bu terraslarda üzüm tinglərinin əkilməsinə başlanılıb. Bu da muxtar respublikada üzümçülüyün inkişafına böyük töhfədir. Artıq terraslarda əkilən meyvə ağacları bar verir. Buradan yığılan meyvələr muxtar respublikadakı hərbi hissələrə pay olaraq göndərilir.