REGİONLAR
Naxçıvanda veteran ağır atletlər arasında Avropa çempionatı davam edir
Naxçıvan, 24 may, AZƏRTAC
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində veteran ağır atletlər arasında Avropa çempionatı davam edir. Çempionatın ilk günündə 6 çəki dərəcəsində 80-84 yaşlı atletlər mübarizə aparıblar.
AZƏRTAC xəbər verir ki, bu yaş qrupunda israilli Teddi Kaplan öz çəki və yaş qrupunda təkanla qaldırmada Avropa və dünya rekordunu yeniləyib.
Yarışın ikinci günü qadınların mübarizəsinə həsr olunub. İlk olaraq 70-65-60-55 yaş qrupu, yəni yaşı 55-dən yuxarı olanlar körpücük üzərinə qalxıblar. Qızıl medalları müxtəlif çəkilərdə müvafiq olaraq Almaniya, İrlandiya, Böyük Britaniya, Danimarka və Finlandiya idmançıları qazanıblar. Qadınların 50-45 və 40-35 yaş qrupunda 3 idmançımız yarışıb. Onlardan Şahverdi Xatirə və Səbinə Rzayeva qızıl, Təranə Abbasova isə gümüş medal qazanıblar.
Yarışın 3-cü günündə isə yaşı 70-74 arası olan kişilər körpücük üzərinə çıxıblar. 69 kiloqram çəki dərəcəsində türkiyəli Doğan Bilal fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər qızıl medalları Polşa, Belarus və Almaniya idmançıları qazanıblar.