REGİONLAR


Naxçıvanda voleybol üzrə kişilər arasında Azərbaycan çempionatının açılış mərasimi olub

A+ A

Naxçıvan, 5 noyabr, Tural Kəngərli, AZƏRTAC

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində voleybol üzrə Azərbaycan çempionatının açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə çempionatın iştirakçıları ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsinin önünə gül dəstələri düzüb və Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Açılış mərasimində Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov çıxış edərək deyib ki, ölkəmizdə idmanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Nazir müavini qeyd edib ki, son illər dövlətimizin başçısı İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan idmanı inkişafının yeni mərhələsinə qədəm qoyub. Ölkəmizdə idmanın maddi-texniki bazası gündən-günə möhkəmlənir. Yaradılan şəraitin nəticəsidir ki, hər il Azərbaycanda nüfuzlu beynəlxalq idman tədbirləri keçirilir. Birinci Avropa Oyunlarının ölkəmizdə yüksək səviyyədə keçirilməsi və idmançılarımızın bütün beynəlxalq yarışlarda uğurlu çıxışları respublikamızda idmanın inkişafını bir daha sübut edir.

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini Naxçıvan Muxtar Respublikasında da idmanın inkişafı sahəsində ardıcıl tədbirlərin görüldüyünü bildirib, yarış iştirakçılarına uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov qeyd edib ki, ölkəmizdə idmana hərtərəfli diqqət və qayğı göstərilir. Bu gün əminliklə demək olar ki, Azərbaycanda idman və bədən tərbiyəsinin kütləviliyi təmin edilib. Ölkəmizdə müasir idman infrastrukturunun yaradılması uşaq və yeniyetmələrdə, gənclərdə idmana marağın artmasına səbəb olub. Bu istiqamətdə aparılan işlər muxtar respublikada da uğurla həyata keçirilir, idman infrastrukturu yenilənir. Son illər muxtar respublikada bütün idman növləri üzrə yarışların keçirilməsi, idmançılarımızın beynəlxalq və digər yarışlarda iştirakının təmin olunması diqqətdə saxlanılan məsələlərdəndir. Çıxışının sonunda Azad Cabbarov yarış iştirakçılarına uğurlar arzulayıb.

Voleybol üzrə Azərbaycan çempionatının I turunun oyunları açıq elan edildikdən sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Daha sonra Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının ifasında konsert proqramı nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.