REGİONLAR
Naxçıvanda yaşıllıqlara qulluq diqqət mərkəzində saxlanılır
Naxçıvan Muxtar Respublikasında təbiətə qayğını özündə təzahür etdirən iməciliklərin keçirilməsi də bu məqsədə xidmət edir. Son illər iməciliklər yolu ilə salınan yaşıllıqlar qədim diyarın təbiətinin zənginləşdirilməsinə səbəb olub, sağlam ekoloji mühit formalaşdırıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 20-də muxtar respublikada növbəti iməciliklər keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin və Naxçıvan Şəhər İcra Hakimiyyətinin kollektivləri Uzunoba Su Anbarının ətrafında terras üsulu ilə salınmış 3,6 hektarlıq meyvə bağında keçirilən iməcilikdə iştirak ediblər.
Ötən iməciliklər dövründə ərazidə 3 minə yaxın müxtəlif meyvə tingləri əkilib, damcılı suvarma sistemi quraşdırılıb. İməcilik iştirakçıları ərazidə təmizlik işləri görüb, meyvə tinglərinə aqrotexniki qulluq göstərilib, dənə üsulu ilə əkin aparılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak edib, payızlıq ağac əkininə hazırlıqla bağlı müvafiq tapşırıqlar verib.