REGİONLAR
Naxçıvanda yerli icra nümayəndəlikləri üçün müasir standartlara uyğun iş şəraiti yaradılıb
Kəngərli, 16 iyul, AZƏRTAC
Muxtar respublikanın bütün rayonlarında yerli icra nümayəndəlikləri üçün yeni inzibati binalar tikilib və müasir standartlara uyğun iş şəraiti yaradılıb. Məhz bu diqqət və qayğı nəticəsində Kəngərli rayonunun icra nümayəndəlikləri də müasir inzibati bina və iş şəraiti ilə təmin olunublar.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Kəngərli rayonunda inzibati ərazi dairəsi üzrə nümayəndəliklər tərəfindən doğum, nikah və ölüm qeydiyyatı zamanı qanunvericiliyin tələblərinə riayət olunması ilə bağlı keçirdiyi seminar-müşavirədə səsləndirilib.
Seminar-müşavirədə Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev məruzə edərək bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin 2002-ci il iyulun 31-də imzaladığı Fərmana əsasən, rayon mərkəzindən kənarda yerləşən qəsəbə və kənd sakinləri üçün daha münasib şəraitin yaradılması, onların rahatlığının təmin edilməsi, doğum, nikah və ölüm qeydiyyatının daha operativ həyata keçirilməsi məqsədilə nikahın, doğumun və ölümün dövlət qeydiyyatını rayon (şəhər) qeydiyyat şöbələri ilə yanaşı, icra hakimiyyətlərinin nümayəndəlikləri aparır.
Suliddin Əliyev qeyd edib ki, hər bir icra nümayəndəsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin, notariat haqqında qanunun və kargüzarlıq qaydalarını müəyyən edən təlimatın tələblərinə əməl etməli və vətəndaşlıq vəziyyəti aktları qeydə alınmasına görə dövlət rüsumu ödənildikdən sonra müvafiq əməliyyatı rəsmiləşdirməlidir. Xüsusilə nikah qeydiyyatı ilə bağlı könüllülük prinsipi daim diqqətdə saxlanılmalı, vətəndaşların şəxsən iştirakı təmin edilməli və nikah qeydiyyatı üçün müraciət etmiş vətəndaşların ərizəsi qəbul edilən zaman tibbi müayinə arayışlarının alınması təmin olunmalıdır.
Bildirilib ki, hər bir icra nümayəndəsi tərəfindən notariat hərəkətlərinə görə qəbul edilmiş dövlət rüsumu iki bank günü ərzində dövlət büdcəsinə köçürülməli, notariat əməliyyatı zamanı vətəndaşların şəxsən iştirakı təmin edilməlidir.
Sonda seminar-müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.