REGİONLAR


Naxçıvandakı “İmamzadə” ziyarətgahları xalqımızın mənəvi sərvətidir

Naxçıvan, 20 iyun, AZƏRTAC

Qədim və zəngin tarixi keçmişi ilə fərqlənən Naxçıvan abidələr diyarı kimi tanınır. Bu mühüm maddi-mənəvi sərvətlərimizin sırasında muxtar respublikanın müxtəlif bölgələrində yerləşən “İmamzadə”lərin özünəməxsus əhəmiyyəti, xüsusi yeri var. Naxçıvanın on üç əsrdən artıq bir dövrünü özündə təcəssüm etdirən bu dəyərli abidələr yalnız ölkəmizin deyil, bütövlükdə, müsəlman Şərqinin qədim sənətkarlıq, xüsusilə də memarlıq ənənələrinin, çoxəsrlik tarixi keçmişinin yadigarlarıdır.

Naxçıvan şəhərindəki “İmamzadə” türbəsi özündə türk və müsəlman memarlığı ənənələrinin qarşılıqlı vəhdətini ehtiva edir

Naxçıvan şəhəri ərazisindəki “İmamzadə” türbəsi özündə qədim və zəngin sənətkarlıq xüsusiyyətlərinə malik türk və müsəlman memarlığı ənənələrinin qarşılıqlı vəhdətini ehtiva edir. Belə ki, VIII-IX əsrlərin qovşağında Azərbaycan ərazisində xalq tərəfindən yeni qəbul edilmiş İslam dini və müsəlman mədəniyyəti elementləri insanların, xüsusilə də sənətkarların, memarların şüuruna kor-koranə surətdə hopmayıb. Qədim mədəni-mənəvi dəyərlərin bu yeni xüsusiyyətlərlə zənginləşməsi sayəsində əvvəlki abidələrdən daha fərqli, möhtəşəm və həmin dövr üçün yenilikçi xarakterli sənətkarlıq nümunələri meydana gəlib.

“Naxçıvan Abidələri Ensiklopediyası”nda Naxçıvan şəhərinin cənub-şərq hissəsində yerləşən “İmamzadə” kompleksinə daxil olan “İmamzadə” türbəsi haqqında ətraflı məlumat verilir. Aşağıdan kvadrat şəkildə inşa edilən abidənin yuxarı hissəsində, silindrşəkilli gövdəsində memar çox ustalıqla qırmızı rəngli bişmiş kərpicləri üfüqi, tünd bənövşəyi kaşılı kərpicləri isə şaquli şəkildə simmetrik düzərək Bərdə türbəsində olduğu kimi, xalını xatırladan bəzək ünsürü və Kufi xətlə dəfələrlə təkrarlanan epiqrafik motiv: “Allah” sözü yaradıb. Türbənin içərisində əhali tərəfindən ziyarət edilən bir qəbir var. Qəbrin üzərində epitafiya, məzar kitabəsi olmadığı üçün onun kimə aid olduğu haqqında dəqiq fikir söyləmək mümkün deyil. Ancaq şəhərin yaşlı əhalisinin söylədiyinə görə, bu qəbirdə şiələrin səkkizinci İmamı olan İmam Rzanın oğlu dəfn edilib.

Epiqraf alim İ.Əzimbəyovun keçən yüzilliyin iyirminci illərində yazdığına görə türbənin şimal-qərb tərəfində Nəsx xətti ilə ərəb dilində yazılmış kitabə olub. Kitabənin mətnindən məlum olur ki, bu imarətin tikilməsini böyük sultan, xaqan, hörmətli əmir sultan Əbu Müzəffər şah Təhmasib Bahadır xanın hakimiyyəti zamanında mərhum, günahları bağışlanmış, Hacı Fulad bəyin oğlu, zəmanənin xeyirxahı həzrət Rufai bəy əmr edib. Kitabədə tarix qeyd olunmasa da orada vurğulanan “Əbu Müzəffər şah Təhmasib Bahadır xanın hakimiyyəti zamanında” sözlərinə əsasən türbənin inşa tarixini müəyyənləşdirmək mümkündür. Belə ki, Əbu Müzəffər şah Təhmasib Bahadır xan Səfəvi hökmdarı şah Sultan Hüseynin oğludur. Tarixdə II şah Təhmasib adı ilə tanınan bu adam 1722-32-ci illərdə hakimiyyətdə olub. Deməli, türbə XVIII əsrin 20-ci illərində inşa edilib.

XVIII əsrə aid memarlıq abidəsi - Nehrəm “İmamzadə”si

“İmamzadə” türbələrindən biri də Babək rayonunun Nehrəm kəndində yerləşir, XVIII əsrə aid memarlıq abidəsidir. Türbə bir çox dəyişikliklərdən, təmir-bərpa işlərindən sonra dövrümüzədək gəlib çatıb. Nehrəm “İmamzadə”si türbə, təkyə və yardımçı binalardan ibarət böyük kompleksdir. Kompleksin özəyini təşkil edən türbənin içərisində bir qəbir var. Qəbrin üstü sənduqə formasındadır. Qəbrin üzərində onun kimə aid olmasını bildirən kitabə yoxdur. Əhali arasında yayılan rəvayətə görə, qəbirdə şiələrin yeddinci İmamı Musa Kazımın oğlu Seyid Əqil dəfn olunub.

Xanlıqlar kəndindəki “İmamzadə” xalqımızın etnomental dəyərləri, dini baxış və təsəvvürlərini özündə təcəssüm etdirən ziyarətgahdır

Ötən il fevralın 15-də Xanlıqlar kəndində muxtar respublika rəhbərinin iştirakı ilə istifadəyə verilən “Parçı İmamzadəsi” bərpadan sonra bənzərsiz sənət nümunəsi kimi diqqəti çəkir. Onu da qeyd edək ki, “İmamzadə”nin tarixi görkəmi və qədim memarlıq elementləri qorunub saxlanılıb. Qədim “İmamzadə” türbəsi giriş və salondan ibarətdir. Aşağıdan kvadrat şəklində inşa edilən bu abidənin yuxarı hissəsi tağvari günbəzlə örtülüb. Tədqiqatçıların fikrincə, “İmamzadə” türbəsi XVI əsrə aiddir. Əvvəllər binanın daxilində bir məzar və daş kitabə olub. 1928-ci ildə tədqiqatçılar kompleksdə olarkən qəbrin üzərində ərəb əlifbası ilə “İbrahim ibn Musa” yazıldığını müəyyənləşdiriblər. 1988-ci ildə nəşr olunmuş “Xanlıqlar İmamzadəsi” adlı məlumat kitabçasında da bu məzarın yeddinci İmam Musa Kazımın oğlu İbrahimə məxsus olduğu yazılıb. Naxçıvan şəhərində yaradılmış ilk Diyarşünaslıq Muzeyindəki əlyazmalarda və elmi-tarixi məqalələrdə, həmçinin Bakıda nəşr olunmuş “Azərbaycanı öyrənmə yolu” adlı məcmuədə, Hüseyn Cavidin əmisi oğlu Məhəmməd Rəsizadənin “Şərur dairəsinə səyahət haqqında qeydlər” sərlövhəli məqaləsində də yuxarıdakı faktlar təsdiqlənir.

Bu “İmamzadə” yüksək bədii sənətkarlıq, memarlıq xüsusiyyətlərinə malik bir abidə kimi bu bölgənin hələ çox qədim dövrlərdən etibarən mühüm mədəniyyət mərkəzi kimi inkişaf etdiyini, burada yerli memarlıq məktəbi ənənələrinin formalaşdığını sübut edir. Çünki böyük bir tarixi dövr ərzində yüksək sosial, iqtisadi, siyasi və ən əsası isə mədəni tərəqqisi ilə seçilən Naxçıvanda məhz belə mükəmməl sənət nümunələrinin yaradılması təsadüfi xarakter daşımayıb. Xanlıqlar kəndindəki “İmamzadə” abidəsi xalqımızın etnomental dəyərləri, dini baxış və təsəvvürlərini, inanclarını, etnopsixoloji və əxlaqi münasibətlər sistemini bir növ, özündə təcəssüm etdirən mühüm bir ziyarətgahdır.

Naxçıvan şəhərində, Nehrəm kəndində və Xanlıqlar kəndindəki tarixi abidələrin möhtəşəmliyi müqəddəs dini məkanlarımızın – “İmamzadə”lərin yalnız ibadətgah və ziyarətgah kimi deyil, həm də onların böyük bir tarixi dövr ərzində dəyərli elm, təhsil, ürfan mərkəzləri olaraq fəaliyyət göstərməsini sübuta yetirir. Təsadüfi deyildir ki, hələ orta əsrlər dövründən etibarən bu cür müqəddəs məkanlarımız gənc nəslin təlim və tərbiyə olunması, onların dini elmlərlə yanaşı, fundamental dünyəvi elmləri də dərindən mənimsəmələrinə, geniş dünyagörüşlü şəxsiyyətlər kimi düzgün formalaşmalarına şərait yaradan mərkəzlər olub. Eyni zamanda “İmamzadə” kompleksləri o dövrdə məscid və digər ibadət yerləri kimi yüksək intellektual səviyyəyə, müfəssəl elmi-nəzəri biliklərə, həqiqi ali insani dəyərlərə sahib olan əsl ziyalı şəxsiyyətlərin, Naxçıvanın sayılıb-seçilən ağsaqqallarının, din-iman əhli olan insanlarının toplaşaraq fikir mübadiləsi, elmi müzakirələr apardıqları əvəzsiz mərkəzlər rolunu oynayıblar.

Naxçıvanda “İmamzadə” ziyarətgahları artıq böyük bir tarixi müddət ərzində İslam dininin müqəddəs məkanlardan biri hesab edilib və edilməkdədir. Bu mənada, “İmamzadə”ləri xalqımızın milli-mədəni, eləcə də mənəvi sərvəti kimi bu gün qorunur.

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.