REGİONLAR
Naxçıvandakı tarixi abidələrimiz yüksək səviyyədə bərpa edilib
Naxçıvan, 22 dekabr, Rauf Əliyev, AZƏRTAC
Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin II Plenumunun ilk dəfə Naxçıvanda keçirilməsi memarlar arasında qarşılıqlı əlaqələrin yüksələn xətlə inkişaf etməsinə stimul verməklə yanaşı, həm də nümayəndə heyətinin üzvlərində muxtar respublika ilə bağlı xoş təəssüratların yaranmasına səbəb olub.
Bu sözləri Plenumun iştirakçısı, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə AZƏRTAC-a eksklüziv müsahibəsində deyib.
Elbay Qasımzadə bildirib ki, Naxçıvan memarlıq məktəbi dünyada məşhur nümunələrə malikdir, bu qədim diyarda müasir memarlıq və şəhərsalma sahəsində çox böyük uğurlar əldə olunub. Naxçıvan Dövlət Universitetində memarlıq və mühəndislik fakültəsinin fəaliyyət göstərməsi dahilər yurdunda Memar Əcəminin müasir ardıcıllarının yetişməsinə də şərait yaradıb.
Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri deyib: “Naxçıvan Azərbaycanın ən qədim tarixə malik olan diyarıdır. Buradakı mühüm əhəmiyyətə malik memarlıq abidələri Naxçıvanda sivilizasiyanın yaranmasının və inkişafının çox qədim dövrlərdən başlandığını göstərir. Naxçıvanlılar bu abidələri göz bəbəkləri kimi qoruyub saxlayıblar, yüksək səviyyədə bərpa ediblər. Bunu isə ancaq öz tarixini sevən vətənpərvər insanlar edə bilərlər”.