REGİONLAR


Naxçıvandan başlanan xilaskarlıq yolu

A+ A

Naxçıvan, 3 sentyabr, AZƏRTAC

Azərbaycan tarixinə qurucu və xilaskar kimi daxil olmuş ümummilli lider Heydər Əliyev xalqımızın mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətlər göstərib. Ensiklopedik biliyi, dərin zəkası, müdrik və uzaqgörən strategiyası, polad məntiqi, sarsılmaz iradəsi, yüksək natiqlik məharəti, müstəsna idarəçilik istedadı ilə fenomenal şəxsiyyət olimpində qərar tutan dahi rəhbər ömrünü Azərbaycanın gələcəyinə həsr edib, onun azadlığı, müstəqilliyi uğrunda inamla mübarizə aparıb. Ulu öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsindən sonra ölkəmizdə milli dirçəliş prosesi sürətlənib, həmin gündən başlayaraq elmi əsaslara söykənən dövlət quruculuğu prosesinə start verilib. Bu mənada, 3 sentyabr, əslində, həm də siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurulmuş müstəqil Azərbaycan dövlətinin təməllərinin atıldığı gün kimi tarixdə öz yerini tutub.

Yurdumuzun fəlakətə sürükləndiyi bir vaxtda səsini yüksəldən, Azərbaycan həqiqətlərini bütün dünyaya çatdıran ümummilli lider Heydər Əliyevin Vətənə dönüşü asan olmayıb. O dövrün “şöhrət yarmarkası”nda müəyyən təmənnalar güdən məddahlar siyasi dividend qazanmağa çalışır, vəzifə pilləsində yüksəlmək üçün əldən-ayaqdan gedir, hakimiyyətin əlaltı və ayaqaltıları təbəqəsi yaranırdı.

Bu təbəqə və onun himayəçisi olan Moskva bütün gücü ilə dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana qayıdışının qarşısını almağa çalışırdı. Lakin görünür, Moskva ən yüksək vəzifələrə irəli çəkilərkən tərcümeyi-halını diqqətlə izlədiyi dahi şəxsiyyətin böyük təcrübəsini, onun öz xalqı ilə qırılmaz tellərlə bağlılığını, qətiyyətini, dönməzliyini, başlıcası isə mübarizə üçün yarandığını nəzərdən qaçırıb və ya bu amilləri kifayət qədər qiymətləndirə bilməyib. Təsadüfi deyil ki, ən yüksək dairələrdən verilmiş xəbərdarlıqlara, onu gözləyən ciddi təhlükələrə baxmayaraq, ulu öndər Heydər Əliyev 1990-cı il iyulun 20-də Bakıya, iki gün sonra isə Naxçıvana gəlib.

Moskvadan Naxçıvana qayıdış o dövrün bəzi qəzetlərində yazıldığı kimi, əyalət mərkəzinə yox, Vətənə qayıdış idi. Böyük siyasətə yenidən və fəal şəkildə, ardıcıl, qətiyyətli qayıdış idi. Xalq öz xilaskarını sonsuz məhəbbət və ehtiramla qarşılamışdı. Onun Naxçıvana gəlişi xalqın əsl nicatına çevrilmişdi. 1990-cı il sentyabrın 30-da keçirilən seçkilərdə xalqın böyük dəstəyi ilə Naxçıvan və Azərbaycan parlamentlərinə deputat seçilən dahi şəxsiyyət bütün qüvvə və bacarığını xalqın üzləşdiyi problemlərin həllinə yönəldib. Bu, bütün dünyada tanınan görkəmli siyasətçi Heydər Əliyevin xalqın iradəsi ilə böyük siyasətə qayıdışı üçün başlanğıc olub.

1991-ci il sentyabrın 3-də təkcə qədim diyarın deyil, həm də Azərbaycanın siyasi taleyində əhəmiyyətli rol oynayan çox mühüm bir hadisə baş verib. On minlərlə insanın təkidli tələbi ilə ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinə Sədr seçilib. Beləliklə, 3 sentyabr 1991-ci il xalqımızın böyük oğlunun xilaskarlıq missiyasının başlanğıcı kimi tarixə düşüb.

Ümummilli Lider dövlətçiliyimizin gələcəyi baxımından əlamətdar olan həmin gün barədə danışarkən deyirdi: “Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim... Xalqın bu əhval-ruhiyyəsini, tələblərini, sonra sessiyadakı çıxışları nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Yəqin etdim ki, mən öz prinsiplərimə sadiq qalaraq, eyni zamanda indi Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə nəinki deputatların, binanın qarşısında, ətrafına toplaşan naxçıvanlıların qoyduqları vəzifənin ifasından geri çəkilsəm, bu, xalqın ağır günündə qaçmaq deməkdir... Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”.

Beləliklə, Ulu Öndər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyətə başlayaraq qısa müddətdə neçə-neçə onilliklərə sığmayan böyük işlər görüb. Ağır blokada şəraitində yaşayan Naxçıvana məhz Ulu Öndər həyat verib.

Ali Məclisin Sədri kimi yorulmaq bilmədən çalışan Ümummilli Liderimiz düşmən təcavüzünə məruz qalan, blokada şəraitində yaşayan Naxçıvanın, ilk növbədə, müdafiə qabiliyyətini gücləndirib. 1991-ci il sentyabrın 7-də Ali Məclis Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul edib. Bu qərar Naxçıvanın müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində görülən işlərin başlanğıc nöqtəsi idi. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla isə Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların hamısının muxtar respublikada saxlanması təmin olunub. Əhalinin böyük mütəşəkkilliyi, torpağa bağlılığı və Ulu Öndərə olan sonsuz inamı nəticəsində muxtar respublikada Milli Ordu yaradılıb, Naxçıvanın müdafiə potensialı gücləndirilib, bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası doğma Naxçıvanda qoyulub. Qeyd etmək lazımdır ki, ilk milli hərbi parad da 1992-ci il oktyabrın 9-da Naxçıvanda keçirilib.

Bir sözlə, görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Azərbaycanda müstəqil dövlətçiliyin böyük məktəbinə çevrilib. Bu, elə bir məktəb idi ki, müstəqil Azərbaycanın dövlətçilik sisteminin konturları, gələcək inkişafın istiqamətləri məhz burada müəyyənləşdirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu barədə deyib: “Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti müstəqilliyə gedən yolda əsas rol oynamışdır. Sovet İttifaqının saxlanmasına dair referendumun keçirilməsi məhz Naxçıvanda mümkün olmadı. Çünki Heydər Əliyev buna imkan vermədi. Bu, müstəqilliyə gedən yolların müxtəlif istiqamətləri idi və o da təsadüfi deyil ki, məhz o illərdə Azərbaycan dövlətçiliyinin gələcəyi müəyyən edilirdi”.

Ulu Öndərin ölkəmizin müstəqilliyini təmin etməyə istiqamətlənmiş qərarları bəzi antimilli dairələri ciddi narahat edirdi. Ona görə Heydər Əliyevə qarşı siyasi mübarizə metodlarına sığmayan vasitələrdən istifadə etməyə çalışırdılar. Heydər Əliyev dühasına inanan, onunla həmrəy olan xalqın qətiyyətli mövqeyi nəticəsində Naxçıvanda çevriliş cəhdi də tam iflasa uğradı. Bu hadisə bir daha göstərdi ki, naxçıvanlılar ölkəni məhvə sürükləyən Xalq Cəbhəsi iqtidarını yox, məhz ümummilli lider Heydər Əliyevin siyasi xəttini dəstəkləyir, Naxçıvanın, bütövlükdə isə Azərbaycanın xilasını onda görürlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “QAYIDIŞ” kitabında həmin hadisələri belə şərh edib: “Heydər Əliyevin Naxçıvanda yenidən siyasətə qayıtması Azərbaycanı bir dövlət kimi dağıtmaq istəyən daxili və xarici düşmənləri ciddi təşvişə salmışdı. Ozamankı iqtidar Naxçıvanı iqtisadi və informasiya blokadasında saxlayır, Heydər Əliyevin əleyhinə hər cür yaramaz təbliğatı qızışdırır, yaltaq, ikiüzlü deputatların vasitəsilə onu Azərbaycan parlamentində iştirakdan və ölkədə cərəyan edən siyasi proseslərdən təcrid etməyə çalışırdı. Qarabağ probleminin həlli ilə bağlı Heydər Əliyevin irəli sürdüyü təkliflər “Qarabağ heç vaxt indiki qədər bizim olmayıb” məddahlığı ilə qarşılanır, hadisələrin düzgün qiymətləndirilməməsi ucbatından siyasi proseslər getdikcə millət, xalq üçün təhlükəli xarakter almağa başlayırdı”.

Hakimiyyətdə olan AXC-Müsavat iqtidarının səriştəsizliyi, bacarıqsızlığı nəticəsində 1993-cü ilin iyun ayının əvvəllərində respublikada yaranmış gərgin ictimai-siyasi hadisələr kulminasiya nöqtəsinə çatdı, Gəncədə baş verən silahlı qarşıdurmalar fonunda hakimiyyət böhranı, siyasi böhran bütün ölkəni öz cənginə aldı. Vəziyyətin getdikcə ağırlaşdığını görən xalq yeganə ümid yeri kimi həmin vaxt Naxçıvanda yaşayan Heydər Əliyevə üz tutdu. Xalq Ulu Öndərə müraciət edib Bakıya gəlməsini və vəziyyətdən çıxış yolu tapmasını təkidlə xahiş etdi. Dahi şəxsiyyət 1993-cü il iyunun 15-də ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə gəlməklə respublikanı parçalanmaqdan xilas etdi.

Həmin gündən etibarən Ulu Öndərin müdrik daxili və xarici siyasəti nəticəsində vaxtilə Naxçıvandan başlanan müstəqillik yolu ölkə miqyasında davam etdirildi. Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasının rəhbəri kimi fəaliyyət göstərdiyi tarixi dövr (1993-2003) ölkəmizdə müstəqil dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi dövrü kimi yadda qalıb. Bu çətin və mürəkkəb dövrdə dahi şəxsiyyət özünün adı və yorulmaz mübarizəsi ilə bağlı olan yeni bir epoxa yaradıb. Bu, Azərbaycanın xilası və inkişafı epoxasıdır.

Ötən dövrdə Naxçıvan Muxtar Respublikasında da böyük inkişafa nail olunub. Bu gün əminliklə deyə bilərik ki, ümummilli lider Heydər Əliyevin tarixin çətin məqamlarında böyük xilaskarlıq missiyasını həyata keçirərək qoruyub saxladığı və gələcək inkişaf proqramını müəyyən etdiyi Naxçıvan Muxtar Respublikası Ulu Öndərin arzusunda olduğu inkişafa və tərəqqiyə qovuşub. Təsadüfi deyildir ki, bu gün Naxçıvanı siyasi baxımdan “Qafqazın Strasburqu”, iqtisadi inkişaf baxımından isə “Qafqazın San-Fransiskosu” kimi təqdim edirlər. Bütün bunlar isə Ümummilli Liderimizin dövlətçilik yolunun Naxçıvanda davam etdirilməsinin nəticəsidir.

Ulu öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik olan tarixi hadisədir. Naxçıvandan başlanan xilaskarlıq yolu Azərbaycanın şanlı tarixində yeni səhifə açmaqla müstəqil ölkəmizin işıqlı gələcəyini təmin edib.

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.