REGİONLAR


Naxçıvandan olan 12 tələbə Çinin “Huawei” şirkətində istehsalat təcrübəsi keçəcək

Naxçıvan, 14 iyul, AZƏRTAC 

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Çin Xalq Respublikasının “Huawei” şirkəti tərəfindən ali təhsil ocaqlarında Azərbaycanda ilk dəfə olaraq “Gələcəyin İKT sahəsindəki toxumları” adlı proqram-layihə həyata keçirilir. Həmin proqram-layihə çərçivəsində Naxçıvandan olan 12 tələbə Çinin “Huawei” şirkətində istehsalat təcrübəsində iştirak edəcəklər.

AZƏRTAC xəbər verir ki, muxtar respublikanın Rabitə və Yeni Texnologiyalar Nazirliyində Çin Xalq Respublikasına istehsalat təcrübəsinə göndəriləcək tələbələrlə görüş olub.

Muxtar respublikanın rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov görüşdə çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il iyulun 27-də imzaladığı “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamı ilə ali təhsil ocaqlarının bir neçə ixtisası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin hamiliyinə verilib. Ötən müddət ərzində müvafiq ixtisaslarda təhsil alan tələbələrlə görüşlər keçirilib, onların təcrübi biliklərə yiyələnmələri üçün kömək göstərilib. Çinin “Huawei” şirkətində istehsalat təcrübəsi keçəcək tələbələr Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən keçirilən müsabiqə yolu ilə seçiliblər.

Rövşən Məmmədov qeyd edib ki, nazirlik dünyanın informasiya-kommunikasiya texnologiyaları sahəsində aparıcı şirkətlərindən olan Çin Xalq Respublikasının “Huawei” şirkəti ilə uzun illərdir uğurlu əməkdaşlıq edir.

Qeyd olunub ki, ötən ilin sentyabr ayında “Naxçıvan” Universitetində İnformasiya Texnologiyaları Mərkəzi yaradılıb. Mərkəzdə “Huawei” şirkətinin istehsalı olan avadanlıqlar, yeni nəsil çeviricilər və şəbəkə avadanlıqları qurulub. “Huawei” şirkətinin təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq treninq proqramı həyata keçirilib və bu proqrama Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universiteti qatılıb. İkihəftəlik proqram çərçivəsində tələbələr əvvəlcə Pekinə gedərək Çin mədəniyyəti ilə tanış olacaqlar. Daha sonra onlara “Huawei” şirkətinin Şenjen şəhərində yerləşən ofisində müasir texnologiyaların öyrənilməsi və istehsalı üzrə təlimlər keçiriləcək.

Tədbirin sonunda tələbələrə uğurlar arzulanıb və onlara hədiyyələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.